
Azərbaycan millisinin futbolçusu Emin Mahmudov evdə Ukrayna ilə 1:1 hesablı heç-heçə etdikləri DÇ-2026-nın seçmə qrup matçından sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportnet.az əməkdaşının da iştirak etdiyi müsahibədə kapitan əvvəlcə oyunu dəyərləndirib:
- İlk növbədə, azarkeşlərə təşəkkür etmək istərdik. Çünki onlar bu gün həqiqətən də möhtəşəm idilər, bizə motivasiya verirdilər. Ötən matçımızda İslandiyaya 0:5 hesabı ilə uduzmağımıza baxmayaraq, yenə də gəldilər, bizə dəstək oldular. Doğrudan da çətin oldu, meydanda əziyyət çəkdik. Hamı qaçırdı, çox çalışırdı ki, tapşırıqları maksimum yerinə yetirsinlər. Baş məşqçi Ayxan Abbasova təşəkkür edirəm, bizə inandı. 0:5 hesablı məğlubiyyətdən sonra doğrudan da çox pis vəziyyətdə idik. O, bizə motivasiya verməyə çalışdı. Nəticədə oyuna psixoloji cəhətdən də hazır olduq. Birlikdə bir gün olsaq da, çox yaxşı işlər gördü. Ukrayna yığması çox yaxşı komandadır, yaxşı oyunçuları var. Bununla belə, mübarizə apardıq. Ona görə də nəticə yaxşı oldu.
- Bu gün meydanda komanda daha döyüşkən, daha istəkli, daha əzmkar görünürdü. Ayxan Abbasov nəyi dəyişə bildi ki, bu, nəticədə də əksini tapdı?
- Bunların hamısı vacib məqamlar idi. Bir gün ərzində çox şey dəyişə bilməzsən. Maksimum nə dəyişə bilərdisə, onu bacardı. Psixoloji işlər apardı, dedi ki, özümüzə inanaq. İnandırdı ki, bir olsaq, nəticə verə bilərik. Bəzi taktiki gedişlər də etdi. Ayxan müəllim bizi tanıyır. Buna görə də bizə rahat idi. Sevinirik ki, hər şey yaxşı alındı.
- Millinin kapitanı kimi yerli və xarici baş məşqçi seçimi barədə fikirləriniz nədir?
- İstəməzdim ki, bu məsələnin üstünə gedim. Amma yerli mütəxəssislərlə daha rahatdır. Çünki onlar çempionatı, oyunçuları tanıyır. Ayxan müəllim bizi tanıdığı üçün bir günə bəzi şeyləri dəyişə bildi. Kim gəlsə, milliyə xeyir versin, yerli və əcnəbi mənim üçün fərq etməz. Lakin yerlilərlə işləmək bəzən daha rahat və yaxşıdır.
- Azarkeşlər millidə baş məşqçinin yerli olmasını dəstəkləyirlər. Siz buna necə yanaşırsınız və Ayxan Abbasovun əsas millidə qalmasını istərdiniz?
- Mən hansının daha yaxşı, daha uğurlu olacağına qərar verə bilmərəm. Amma Ayxan müəllim qalsa, mən də sevinərəm. Maksimum çalışacağıq ki, ona kömək edək və onunla birlikdə yaxşı nəticələr qazanaq.
- Penaltini yerinə yetirdiyiniz zaman azarkeşlərin "Toral, Toral" səsləri gəlməyə başladı. Bunlar sizi narahat etmədi?
- Mən penaltini vurduğum zaman heç nəyə görə narahat olmuram. Qol vurmasam belə, həmişə rahat oluram. Penalti nöqtəsi yeganə yerdir ki, oradakı topu vurmağa yaxınlaşanda rahatlıq hiss edirəm.
- Fransa ilə oyuna motivasiya baxımından necə hazırlaşmağı düşünürsünüz? Hər halda Ukraynadan güclü rəqibdir...
- Əlbəttə, güclü rəqibdir, möhtəşəm futbolçuları var. Amma çalışacağıq ki, yenə bir araya gələrək, maksimum bacarığımızı göstərək. Başqa yolu yoxdur.
Aliya ƏLƏSGƏROVA