Ukrayna və Azərbaycan yığmalarına qarşı 2026-cı il dünya çempionatının oyunları üçün açıqlanan Fransa millisinin heyətində futbolçu dəyişikliyi gerçəkləşib.
Sportnet.az Fransa Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, "Tottenhem"dən dəvət almış hücumçu Randal Kolo Muani "Mançester Yunayted"ə qarşı İngiltərə Premyer Liqası matçında zədələndiyi üçün "xoruzlar"ın heyətindən kənarda qalıb.
Həkimlərlə məsləhətləşdikdən sonra baş məşqçi Didye Deşam 27 yaşlı forvardın xidmətlərindən imtina edib. O, "Lans"ın qolçusu Florian Tovenə dəvət göndərib.
Qeyd edək ki, Fransa millisi Ukrayna ilə noyabrın 13-də Parisdəki "Park de Prens" stadionunda, Azərbaycanla isə noyabrın 16-da Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gələcək. Florian Toven Parisdəki görüşdə Ayxan Abbasovun baş məşqçi olduğu kollektivin qapısına 2-ci qolu vurub. Həmin görüş Fransanın qələbəsi ilə yekunlaşıb - 3:0.














































































