"Çətin oyun oldu. Hansı komanda ilə oynadığımızı bilirdiniz. Dolu, 30 min nəfərlik stadionda müsbət nəticə qazanmağı çox istəyirdik. Ən azından qol vurduq. Heyətimizdəki 11 futbolçudan maksimum 3-4 nəfəri öz klublarında oynayır. Bu, çox çətindir".
Sportnet.az xəbər verir ki, bunu Azərbaycan millisinin qapıçısı Şahrudin Məhəmmədəliyev evdə Fransaya 1:3 hesabı ilə uduzduqları 2026-cı il dünya çempionatının seçmə qrup matçından sonra jurnalistlərə açıqlamasında deyib.
31 yaşlı qolkiper digər sualları da cavablandırıb:
- İkinci hissədə oynamadınız. Hazırda zədəniz nə yerdədir?
- Bu, artıq xroniki zədədir. Çox da ağır olduğunu düşünmürəm. Ağrıkəsici iynə vurduraraq oynayıram, problem yoxdur. Sadəcə, artıq ayağımda güc yoxdur. Fransa kimi komandaya qarşı bir ayaqla oynamaq çox çətin idi.
- Zədə xronikidirsə, düşünmək olarmı ki, bu, karyeranızın sonunu gətirir?
- Yox, belə fikirləşmirəm. Nə qədər əməliyyat oluram, nə qədər ağrı verirsə, bu, mənə daha da güc verir. Hər əməliyyat və zədədən sonra əvvəlki gücümə qayıdıram. Çox da fikir vermirəm. Allahla gələn zədədir.
- Hesabı çox tez açdınız. Bundan sonra rəqib aqressiv oynamağa başladı. Yenə qol vursaydınız, vəziyyət fərqli ola bilərdi?
- Erkən qolumuza azarkeşlər sevindilər. Çox istəkli idik. Azarkeşlər olmasaydı, oyun ağır keçəcəkdi, uşaqlar belə qaçmayacaqdı, döyüşməyəcəkdi. Bütün bunlar azarkeşlərimiz üçün idi. Anlayıram ki, onların böyük hissəsi Fransaya görə gəlmişdi. Lakin uşaqlar çox çalışıb-vuruşdular. Ona görə də hamısına "afərin" deyirəm.
- Seçmə tsikli cəmi 1 xalla başa vurdunuz. Millinin çıxışını necə dəyərləndirirsiniz?
- Əvvəlcədən 1 xal qazanacağımızı desəydilər, bunu pis göstərici hesab edərdim. Rəqibilərimizin çox güclü komandalar olduğunu başa düşürdük. Fransadan əlavə, həm Ukrayna, həm də İslandiya çox güclü rəqiblər idi. Lakin mübarizənin başlanğıcından bitiminədək nəzər yetirsək, düşünürəm ki, Fransa ilə evdə, Ukrayna ilə səfərdə keçirdiyimiz oyunlarda xal qazana bilərdik. Elə İslandiya ilə ev oyunumuzda da daha yaxşı çıxış edə bilərdik.
- Fernandu Santuş ilə Ayxan Abbasov arasında fərq varmı?
- Düşünürəm ki, daha çox motivasiya vermək sarıdan fərq var. Ayxan müəllimin verdiyi motivasiya yüksəkdir. Onun sayəsində komandada ruh, vətənpərvərlik yüksəldi.
- UEFA üçüncü qolu sizin adınıza avtoqol kimi yazıb. Orada avtoqol var idi?
- Videoda o qolu görmədim. Məncə, top əvvəlcə mənə, daha sonra kiməsə dəydi. Avtoqol - avtoqoldur. Daha nə edim?












































































