“Qarabağ” Futbol Klubunun nümayəndələri yeni istifadəyə verilən Yeni Robotik Reabilitasiya Mərkəzinə təşkil edilən infoturda iştirak edib.
Sportnet.az TƏBİB-in rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Qurban Qurbanovun rəhbərlik etdiyi heyətin iştirakı ilə baş tutan infoturda qurumun İcraçı direktoru Vüqar Qurbanov, Yeni Klinika-nın direktoru Barat Yusubov və Yeni Robotik Reabilitasiya Mərkəzinin rəhbəri Pərvin Əkbərov iştirak edib.
Mərkəzlə tanışlıq zamanı Əkbərov Mərkəzdə tətbiq olunan müasir reabilitasiya texnologiyaları, xüsusilə idman zədələrinin bərpası və idmançıların performans reabilitasiyası sahəsində istifadə olunan innovativ avadanlıqlar barədə geniş təqdimatla çıxış edib. O, mərkəzdə mövcud olan robotik sistemlərin, yüksək dəqiqlikli analiz cihazlarının və fərdi proqramlaşdırılmış reabilitasiya metodlarının idmançıların daha sürətli və effektiv bərpasına imkan yaratdığını xüsusi vurğulayıb.
Komanda üzvləri mərkəzin imkanları ilə yaxından tanış olaraq bir sıra avadanlıqları praktiki şəkildə sınaqdan keçiriblər. Onlar avadanlıqların funksionallığı, reabilitasiya prosesinə verdiyi üstünlüklər və idman performansının yaxşılaşdırılmasında rolu ilə bağlı mütəxəssislərdən ətraflı məlumat alıblar.
Qeyd edək ki, infotura "Qarabağ"ın rəhbərliyi ilə yanaşı, baş məşqçi Qurban Qurbanov və futbolçular da qatılıb.