Azərbaycan milli komandasının bu il ilk sınağına az qalıb. Sportnet.az-ın məlumatına görə, yığmanın baş məşqçisi Robert Prosineçki Antalyadakı təlim-məşq toplanışı çərçivəsində Qazaxıstan millisi ilə martın 26-da keçiriləcək yoldaşlıq görüşünə heyəti də artıq açıqlayıb. Xorvatiyalı mütəxəssisin siyahısında 25 futbolçu yer alıb.
Əsas heyətdə yerlərini itirənlər kənarda
Məlum olduğu kimi, millinin son oyunu ötən ilin noyabrın 17-də Bakı Olimpiya Stadionunda Moldova yığması ilə yoldaşlıq görüşü (2:1) olub. Prosineçki həmin matça bundan az – 23 futbolçu çağırmışdı. Əslində, ilk olaraq 22 futbolçu idi ki, sonradan "Qəbələ”nin müdafiəçisi Ürfan Abbasov əlavə olundu. Prosineçkinin millidə debütünə imkan yaratdığı Abbasovu bu dəfə çağırmaması başadüşüləndir. Çünki Ürfan komandasında əsas heyətdə yerini itirib. Həmin vaxt debüt edən gənc yarımmüdafiəçi Elşən Rzazadə "Xəzər Lənkəran”dan "Neftçi”yə keçəndən sonra demək olar oynamır və nəticədə bu dəfə dəvət almayıb. Elşənin "Xəzər Lənkəran”da komanda yoldaşı, qışdan "Qarabağ”ın futbolçusu olan Rahid Əmirquliyev isə zədə problemi ilə üzləşib. Əməliyyat olunan Rahid üçün cari mövsüm artıq bitib.
"AZAL Arena"ya gəldi, diqqətini çəkdi
Prosineçkinin budəfəki siyahısında yalnız bir futbolçu millidə debüt edə bilər. Bu, AZAL-ın gənc yarımmüdafiəçisi Murad Səttarlıdır. Xorvatiyalı mütəxəssis son turda "AZAL Arena”ya gəlmişdi. "Neftçi” ilə matçda AZAL-ın heyətində ən yaxşı futbolçu olan Murad Prosineçkinin diqqətini cəlb edə bilib. Bununla də Səttarlı 4 illlik fasilədən sonra AZAL-ın yığmada futbolçusunun oynamasını gerçəkləşdirə bilər. 2012-ci ildə Aqil Nəbiyevdən sonra "təyyarəçilər”in millidə futbolçusu çıxış etməyib.
Qazaxıstanla oyuna çağırılan futbolçulardan müdafiəçi Pavel Paşayevlə yarımmüdafiəçi Rəşad Eyyubov artıq "Qəbələ”də komanda yoldaşıdırlar. Hərçənd, onlar Moldova ilə matçda müvafiq olaraq "Kəpəz” və "Metallurq”un (Zaporojye, Ukrayna) futbolçuları idilər. Həm Rəşad, həm də Pavel millidə debütllərini moldovalılarla oyunda reallaşdırıblar. Eyyubov "Qəbələ"də oynayıb qol da vurubsa, Paşayev hələ nə Azərbaycan çempionatında, nə də ölkə kubokunda debüt edib. Bununla belə, Prosineçki cinah müdafiəçisini sərəncamında görməyi lazım bilib.
Elvin Məmmədov üçün tarixi şans
Moldova ilə matçın (2:1) ən yaxşılarından, ilk qolda böyük əməyi olan Elvin Məmmədov həmin vaxt "Qarabağ”ın futbolçusu idisə, hazırda "Zirə”nin şərəfini qoruyur. O, zədədən yenicə dönsə də, Prosineçkinin dəvətliləri sırasında yer alıb. Göründüyü kimi, baş məşqçi Elvinin oyun praktikası sarıdan korluq çəkməsini düşünməyərək ona güvənir. Yeri gəlmişkən, Məmmədovun qarşıdakı matçda meydana çıxma şansı böyükdür. Deməli, 28 yaşlı yarımmüdafiəçi tarixi olayın iştirakçısı, "Zirə”nin millidə oynayan ilk futbolçusu olmasını gerçəkləşdirmək imkanına malikdir.
Elvinin komanda yoldaşı olan Anar Nəzirov Moldova ilə oyuna çağırılda da, Prosineçki bu dəfə onu kənarda qoyaraq 3 qapıçının olmasını daha məqsədəuyğun sayıb. Fərq ondadır ki, Kamran Ağayev artıq Türkiyənin "Karşıyaka” klubunun yox, Bakı "İnter”inin futbolçusudur. "İnter”in qapıçsıı olmuş Səlahət Ağayev isə qış fasiləsində "Sumqayıt”a dönüb.
Namiq Ələsgərovun 1 ildən sonra qayıdışı
Prosineçki Moldova ilə matça çağırmadığı "Neftçi”nin kapitanı Araz Abdullayevə bu dəfə dəvət göndərib. Digər yarımmüdafiəçi, Almaniyada karyera yaşayan Dmitri Nazarov isə son oyuna dəvət alsa da, zədə üzündən kənarda qalmadı olub. Azərbaycandan kənarda çıxış edən yarımmüdafiəçi Eddi İsrafilov da bu dəfə dəvət alıb.
Qazaxıstanla oyun üçün açıqlanan heyətdə ən diqqətiçəkən məqamlardan biri Namiq Əlsəgərovun qayıdışıdır. Gənc hücumçu düz 1 ildən sonra milliyə dönür. Ələsgərov Prosineçkinin millidə rəsmi debütü olan martın 28-də Malta yığması ilə Bakıdakı rəsmi oyunda (2:0) ən yaxşılardan olsa da, hələ ilk hissədə aldığı ağır zədə üzündən əvəzlənməli olub. Ciddi xəsarət alan Ələsgərov əməliyyat üzündən ötən ilin sonunadək meydana çıxa bilməyib. "Qarabağ” futbolçusunu sağalandan sonra "Kəpəz”ə icarəyə verib. Gəncə klubunda daim əsas heyətdə meydana çıxaraq oyun praktikası qazanan Namiq 3 qol vurmağı da bacarıb.
Millinin kapitanı Rəşad Sadıqov da qayıdıb. Zədə problemi olmayan 34 yaşlı müdafiəçi millidə 102-ci oyununu keçirmək imkanına malikdir. Rəşadın yoxluğunda son oyunda yığmada kapitan sarğısını "Qarabağ"da bu ildən komanda yoldaşı olan Əmirquliyev daşıyırdı ki, indi o, zədədən əziyyət çəkir.