"Azərbaycanda uşaq futbolu Afrikadakı kimidir". Bunu bir neçə gün öncə "Bakı"nın vitse-prezidenti Yaşar Seyidov demişdi.
"Neftçi" və "Qəbələ" arasındakı Azərbaycan Kubokunun ilk yarımfinal matçına baxdıqdan sonra hakimliyin də elə qara qitədəkindən fərqlənmədiyi qənaətinə gəldim. Təsəvvür edin: Nigeriyada yanvarda vəfat etmiş hakim Ueyl Akinsanyanı üstündən 3 ay sönra oyuna təyin edirlər. Azərbaycanda isə hakimlik çoxdandır mənən, ruhən ölüb, bircə cismi qalıb ki, aparıb dəfn edəsən.
Çox ümid edirdik ki, Əliyar Ağayev ötən ilin dekabrında idarə etdiyi Avropa Liqasının qrup oyunu ilə o fitin susmasına imkan verməyəcək. Amma ən güvəndiyimiz budursa, görün, onda başqaları necədir.
"Qəbələ"nin legioneri Aleksey Qay dünya görmüş futbolçudur. "Şaxtyor"un heyətində 6 qat Ukrayna çempionu, 7 qat ölkə kuboku sahibi olmaqla yanaşı, sonuncu UEFA Kubokunu qazanıb. Amma "Neftçi" ilə matçın 74-cü dəqiqəsində yaşadıqları ona bəlkə də qazandığı titulları unutdurdu, futbola nifrət etməyə sövq, 34 yaşınadək öyrəndiklərinin əslində futbol olmadığını, əsl futbolun isə məhz bizim hakimlərin fit sədaları, rəngarəng sifət və vərəqələri altında oynanıldığını təlqin etdi. Qay bir anda keçmişinə, nailiyyətlərinə şübhə etdi, əvvəllər futbolla yox, fuflo ilə məşğul olduğunu anladı.
Elə Əliyar Ağayev də o anı uzun illər xatırlayacaq. Ona görə yox ki, vicdanı güc gələcək. Sadəcə, Qay kimi futbolçuya qarşı aşkar kobudluğa göz yumub ona sarı vərəqə verərək, özündən çıxarması ilə öyünəcək. Belə hakimliklə özü və həmkarları çətin ki, irəli gedə bilsin. O da bir şans idi verilmişdi. Ki, Azərbaycanın neçə ildir klubları Avropa Liqasının qrupuna düşür, qoy, hakimləri də qrupa salaq. Əhəmiyyətsiz bir oyunu verdilər, getdi fitini çaldı, qayıtdı. Davamı isə gəlmədi. Bu cür idarəçiliklə, gözləməyin, gəlməyəcək də...
Bu oyunda 6 hakim iş başında idi. Mərkəzdə istedadlı saydığımız birisi, qapı arxasında ikisi. Hər şey gözləri önündə. Qapıçı futbolçunu yıxır. Adam ayağa durub penaltini hansı tərəfə vurmağın planlarını cızır. Referi isə... qapıçını yox, futbolçunu cəzalandırır, cərimə zərbəsini "Neftçi" yox, "QƏbələ" tərəfə verir.
Premyer Liqada ötən turun "Qarabağ"la oyununda "İnter"in qapısına Rəvan Həmzəzadənin təyin etdiyi cərimə zərbəsinə səbəb olan epizodu xatırladınız? Bəs ilk dövrədə elə bu komandalar arasındakı oyunda Elvin Əsgərovun verdiyi penaltidən sonra Qurban Qurbanovun göstərişi ilə Elvin Məmmədovun qəsdən kənara vurduğu zərbəni necə? Yenə olmalıdır, bir-ikisini də yadınıza salın. Axı nə qədər gülünc qərar olar?
Yazını Yaşar Seyidovun sözləri ilə başladıq, başqa bir klub rəsmisinin fikirləri ilə başa vuraq. AFFA-nın Hesabat Seçki Konfransından öncə "Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirov Sportnet.az-a müsahibəsində FİFA referisi Rəhim Həsənov barədə bunları demişdi: "Oyunçu meymunluq edib özünü yerə atır, baş hakim də meymunluq edib penalti qərarı verir. Amma heç yerə şikayət etməyəcəyik. Balıq başından iylənir. Bugünə kimi Hakimlər Komitəsini heç cür düzəldə bilmirik. O qədər aciz insanlarıq ki, Hakimlər Komitəsinə bir ölçü götürə bilmədik. Azərbaycanda hər şey dəyişdi, bir dənə bu Hakimlər Komitəsinə ölçü götürülmədi".
Üstündən çox keçmədən AFFA Konfransında Xaqani Məmmədov Hakimlər Komitəsinin sədri vəzifəsinə bir daha təsdiqləndi...
Belə... Klub rəsmilərindən biri Afrikadan, digəri meymundan misal çəkir. Amma hər ikisi sonucda Azərbaycan futbolundan danışır. Həm təyin edilən, həm də verilməyən penalti epizodları gözləri qarşısında baş verir. Deyəsən, ölkə futboluna yeni model gəlir. Bu, Xaqani Məmmədovun hakimlik üçün seçdiyi modellərdən deyil. Bu, hakimliyin Afrika modelidir!