
"Hazırda Bakıda olduğumuz üçün çox şadıq. Qarşıdakı Avropa çempionatı bizim üçün mühüm əhəmiyyət kəsb edir. Əlimizdən gələni edəcəyik ki, burada uğur qazanaq”. Bunu Sportnet.az-a açıqlamasında Almaniyanın 17 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Meykel Şönvayts deyib.
36 yaşlı mütəxəssis bildirib ki, Bakıda keçiriləcək Avropa çempionatında təşkilatçılığın yüksək səviyyədə olacağından əmindir: "Püşkatma zamanı da Bakıda olmuşdum. Hələ o vaxt şahid oldum ki, Azərbaycan bu yarışa çox ciddi hazırlaşır. Təşkilatçıların işinin öhdəsindən gələcəyinə əminəm. Ölkəniz Avropa çempionatını yüksək səviyyədə təşkil edəcək”.
Qeyd edək ki, mayın 5-də start götürəcək Avropa çempionatında Almaniya millisi Avstriya, Ukrayna, Bosniya və Herseqovina yığmaları ilə birgə B qrupunda yer alıb.