"Bakıda keçiriləcək Avropa çempionatında hamımız kimi mən də yığmamıza dəstək olacağam. Millimizin bütün oyunlarını imkan daxilində gəlib izləmək üçün əlimdən gələni edəcəyəm. Hər bir azərbaycanlı futbolsevərin matçlarımıza gəlib azarkeşlik etməsini istəyirəm".
Bu fikirləri Sportnet.az-a açıqlamasında Azərbaycan milli komandasının futbolçusu Rəşad Sadiqov deyib. Təcrübəli yarımmüdafiəçi əsas millidə, bütün aşağı yaş qruplarından ibarət yığmalarda, o cümlədən U-17-də oynayıb. İndi isə həmin yığmanı Bakıda keçiriləcək Avropa çempionatının final mərhələsində məsul sınaq gözləyir.
Sadiqov Təbriz Həsənovun baş məşqçisi olduğu U-17-yə böyük ümidlər bəslədiyini bildirib: "17 yaşlılardan ibarət yığmamızın oyunlarını izləmişəm. Doğrudan da yaxşı komandamız var. İnanıram ki, final mərhələsində layiqli mübarizə aparacaq. İnanıram ki, komandamız yaxşı nəticə də qazanar. Əlbəttə, qrupdan çıxacağımıza böyük ümidlər bəsləyirəm. Ən azı ona görə ki, Azərbaycanda oynayırıq, ev amili var. U-17 yığmamızın heyəti yaxşı qurulub, seçmə mərhələlrdə də yaxşı çıxış edirdi. Buna görə də komandamızdan yaxşı nəticə gözləyirəm".
33 yaşlı yarımmüdafiəçi gənc həmkarlarının final mərhələsində iştirak etmələrini onlar üçün böyük üstünlük sayır: "Bizlərdən fərqli olaraq onlara final mərhələsinin həyəcanını yaşamaq qismət olacaq. Buna görə özlərini xoşbəxt saya, bu imkana malik olduqları ilə fəxr edə bilərlər. Bu sevinci onlar qazanıblar. Final mərhələsində ölkəmizi təmsil edəcəklərsə, deməli, buna layiqdirlər. Təbii ki, məsuliyyətləri birə-iki artıb. Çünki Azərbaycanda oynayırlar və yaxşı nəticə qazanmağa da borcludurlar. Milli komandamıza və bütün yığmalarımıza final mərhələsinin iştirakçısı olmağı arzulayıram. Qoy, digər futbolçularımıza da bu tarixi şans qismət olsun. Sevindirci haldır ki, U-17-də bizim klubdan da futbolçular var".
Qeyd edək ki, Təbriz Həsənovun sərəncamında "Qəbələ"dən yarımmüdafiəçi Fərid Nəbiyevlə hücumçu Cavidan Qasımlı yer alıb.