1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Bir xalın tərkibi
Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Bakıdakı Avropa çempionatında ikinci matçını xalla başa vurdu. Millimiz belçikalı həmyaşıdları ilə əzmkar heç-heçəyə nail oldu.
Birinci növbədə qeyd edim ki, milli komandamızın oyununda taktiki gedişlər minimum sayda idi, qüsurlar çox idi, ön plana fərdi oyun və emosiya hesabına qurulan hücümlar çıxdı. Yəni, hər şey öyrəşdiyimiz kimi.
İlk oyunla müqayisədə nəzərə çarpan dəyişikliklərdən biri müdafiənin sağ cinahında Yusif Həsənovun yer alması oldu. Elçin Əsədov isə dayaq zonasına çıxarılmışdı. Bu gedişi uğurlu hesab etmək olmaz, çünki Əsədov topla təmasda inamsız idi və nəticədə müdafiə zonasından verilən ötürmələrin çoxu "Pirlo" mövqeyində çıxış edən Pilağa Mehdiyevə ünvanlanırdı. Görünür, baş məşqçi kapitanı "sındırmaq" istəmədiyindən ehtiyata qoymaq istəmədi. Lakin Əsədov oyunda yalnız əlavə müdafiəçi kimi yadda qaldı və yenə də tam inamlı oyun sərgiləmədi. Üstəlik hakimin açıq-aşkar mərhəməti nəticəsində qırmızı vərəqədən canını qurtardı. Halbuki, ehtiyatda qalan İbrahim Qədirzadə Pilağa ilə daha yaxşı tandem yarada və sonuncunun üzərinə düşən yükü azaltmaqda kömək edə bilərdi.
Yusif Həsənovun zədəsi komandanın oyun planlarını dəyişməli oldu. Hücumların qurulmasında fəal olan Metin Güler müdafiənin sağ cinahına keçdi. Belə çıxır ki, baş məşqçinin o mövqeyə buraxmağa güvəndiyi müdafiəçi yox idi. Təəssüf, çünki Güler mərkəzdə daha çox fayda verə bilərdi.
Komandanın heyətində mərkəz forvardının yoxluğu ən böyük dərddir. Müxtəlif dəqiqələrdə müxtəlif oyunçular həmin mövqedə yer alsa da, bu funksiyanın konkret kimə aid olduğunu müəyyən etmək mümkünsüz idi. Komandanın heyətində ən zəif olan, lakin final fitinə qədər meydanda qalan Ekincier ilk dəqiqələrdən hücumda yer alsa da, əslində axıra qədər öz yerini tapa bilmədi. Əgər bu oyunçunun bacarığı ondan ibarətdirsə, bizim U-17 Liqasında belə oyunçulardan bəs qədərdir. Belə bir futbolçunun hansı kriteriyalar əsasında milliyə çağırıldığı çox maraqldır.
Fərid Nəbiyev oyunu ilə diqqət çəkdi, halbuki ikinci hissədə onu daha az gördük. Futbolçu müdafiəyə az qayıdırdı ki, bu da məşqçi tapşırığına bənzəyirdi. Digər oyunçulara nisbətən daha sərbəst mövqeyə malik olan Fəridin fasilədən sonra oyundan itməsi onun üçün çox mənfi hal sayılmalıdır.
Murad Mahmudovun ikinci qolu vura bilməməsi yenə psixoloji davamsızlıq məsələsini ortaya çıxardı. Müqayisə üçün zərbəsi qapı dirəyinə tuş gələn rəqibin "16" nömrəli futbolçusunun oxşar epizodda davranışını yada salaq. Hüseyin Seyliğlinin səhvinə gəldikdə, ümumilikdə, müdafiə xəttinin çıxışı "sapyor" oyununa bənzəyir. Nə vaxt partladı, partladı.
Heç də ürəkaçan nəticə ilə bitməyən oyunun final fitindən sonra bəzi futbolçuların gülərək tribunadakı dost-tanışına üz tutması isə bir daha nümayiş etdirir ki, oyunçular üzərlərində olan məsuliyyəti dərk etmir. İndi dərk etməyən isə daha çətin dərk eləsin.
Ramil CAHANGİROV