Bakıda keçirilən 17 yaşadək futbolçular arasında Avropa çempionatının qalibi müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, finalda Portuqaliya və İspaniya milliləri üz-üzə gəlib.
"Bakcell Arena"da keçirilmiş görüşün əsas vaxtında tərəflər hərəyə bir dəfə fərqlənib. 27-ci dəqiqədə Dieqo Dalot Portuqaliyanı hesabda önə çıxarıb. Bundan 5 dəqiqə sonra İspaniya millisi Rahim Diazın dəqiq zərbəsi ilə bərabərliyi təmin edib. Görüşün taleyi, reqlamentə əsasən, penaltilər seriyasında həll olunub. Bu zaman Portuqaliya bütün 5 penaltini yerinə yetirdiyi halda, İspaniya bir zərbədə qeyri-dəqiq olub - 5:4.
Qarşılaşmanı çexiyalı referi Petr Ardeleanu idarə edib.
Portuqaliya millisi Avropa çempionatında qapısından yeganə topu məhz finalda buraxıb. Helio Souzanın baş məşqçi olduğu komanda həlledici qarşılaşmayadək A qrupunun açılış oyununda Azərbaycan yığmasını 5:0, sonrakı görüşdə Şotlandiyanı 2:0 hesabı ilə yenib, Belçika ilə heç-heçə edib - 0:0. Çempionata D qrupundan başlayan İspaniya isə Hollandiyanı 2:0, İtaliyanı 4:2 hesabı ilə yenib, Serbiya ilə bərabərliyə qalıb - 1:1. Nəticədə hər iki komanda 7 xalla qrup lideri kimi mərhələ adlayıb.
1/4 finalda Portuqaliya Avstriyaya 5:0, İspaniya İngiltərəyə 1:0 hesabı ilə qalib gəlib. Yarımfinalda onlar müvafiq olaraq, Hollandiyanı 2:0, Almaniya 2:1 hesabı ilə məğlub ediblər.
Portuqaliya və İspaniyanın U-17 milliləri bu gün tarixlərində ikinci dəfə finalda üz-üzə gəliblər. 2003-cü ildə keçirilmiş həlledici qarşılaşmada da Portuqaliya qələbə qazanmışdı - 2:1. Lakin həmin çempionat qalib komandanın vətənində təşkil olunmuşdu. Bu dəfə isə qərb ölkələri təmsilçiləri qitənin şərqində münasibətlərinə aydınlıq gətiriblər.
Portuqaliya Avropa çempionatının final mərhələsində 2002-ci ildən çıxış edir və bu müddətdə qızılla yanaşı, bürünc medalı (2004) da hesabına yazıb. İspaniya isə ikiqat Avropa çempionu (2007, 2008), üçqat finalçı (2003, 2004, 2010) və bir dəfə bürünc mükafatçı (2006) olub.
Avropa çempionatı
FİNAL
20:00. Portuqaliya - İspaniya - 1:1
Qollar: Dieqo Dalot, 27 - Rahim Diaz, 32
Penaltilər: Joze Qomeş (1:0), Abel Ruiz (1:1), Joao Felipe (2:1), Oriol Buskets (2:2), Dieqo Leyte (3:2), Juan Brandariz (3:3), Dalot (4:3), Brahim Diaz (4:4), Gedson Fernandeş (5:4), Manu Morlanes (5:4)
Hakimlər: Petr Ardeleanu (Çexiya), Balaj Buzaş (Macarıstan), Ceyhun Sesigüzel (Türkiyə), Qunnar Yarl Yonsson (İslandiya)
"Bakcell Arena".