UEFA-nın sabiq prezidenti Mişel Platini vətənində keçiriləcək AVRO-2016-nın oyunlarını stadiondan izləyə biləcək. Sportnet.az-ın məlumatına görə, Platinini cəzalandıran FİFA Etika Komitəsi buna şərait yaradır.
Belə ki, UEFA-nın baş katibi əvəzi Teodor Teodoridis verdiyi məlumata görə, FİFA-nın adıçəkilən qurumundan fransalı futbol funksionerinin turnirə dəvət olunmasının mümkünlüyü ilə bağlı məktub alıblar. Ancaq Platini matçlara rəsmi şəxs qismində yox, adi azarkeş kimi baş çəkə bilər.
Teodoridis bu məsələyə baxacaqlarını bildirib və Platininin artıq açılış oyununda iştirak edə biləcəyinin mümkünlüyünə toxunub.
Bir müddət öncə isə Platininin matçları stadiondan izləməkdən imtina etməsi ilə bağlı xəbər yayılmışdı. O, bunu FİFA Etika Komitəsi tərəfindən yeni sanksiyalara məruz qalacağından ehtiyatlanması ilə əlaqələndirmişdi.
Xatırladaq ki, İsveçrənin Federal Ədliyyə Bürosu 2015-ci il sentyabrın 25-də FİFA-nın o vaxtkı prezidenti Yozef Blatterin 2011-ci ildə Mişel Platininin hesabına 2 milyon İsveçrə frankı məbləğində qeyri-qanuni köçürmə etməsi şübhəsi ilə iş açıb. Ötən il dekabrın 21-də hər iki şəxs ali futbol qurumun Etika Komitəsi tərəfindən 8 il müddətinə kənarlaşdırılıb. Təşkilatın Apellyasiya Komitəsi fevralın 24-də funksionerlərə qarşı sanksiyaları yüngülləşdirib və cəzanı 6 ilə endirib.
Beynəlxalq İdman Arbitraj Məhkəməsi (CAS) mayın 8-də 2007-ci ildən UEFA-ya başçılıq etmiş Mişel Platininin futbol sahəsindəki fəaliyyətinə qoyulmuş qadağanın 6 ildən 4 ilə endirilməsi haqda qərar qəbul edib.
Məhz kənarlaşdırılması səbəbindən Platini fevralın 26-da keçirilmiş FİFA prezidenti seçkisində iştirak edə bilməyib.