"Rəqibimizin etibarlı müdafiə xətti var. Hər komanda tez qol vurmaq istəyir. Rumıniya yığmasının istisna olacağını düşünmürəm". Sportnet.az-ın məlumatına görə, bu fikirləri Fransa yığmasının baş məşqçisi Didye Deşam deyib. Sabah start götürəcək AVRO-2016-da meydan sahibi olan fransızlar açılış matçında Rumıniya millisi ilə üzləçəcək.
Deşam rəqibin həddən artıq müdafiə olunan komanda olduğunu düşünməyi düzgün saymır: "Rumıniya yığması rəqibi səhv etməyə məcbur edə və hücumda maraqlı oynaya bilər. Rumınlar müdafiədən hücuma tez keçir. Onların futbolçuları texnikalıdır və yüksək sürətə malikdir. Əgər komanda yaxşı müdafiə olunursa, kollektiv oyun nizam-intizamı göstərirsə, mütləq diqqətini öz cərimə meydanında cəmləşdirir. Rumınlar topa sahib olarkən bundan fayda götürə bilərlər".
Fransalı mütəxəssis topa rəqibə vermək fikrində olmadıqlarını bildirib. Ancaq topa sahib olmanın təkcə özlərindən yox, rəqibdən, həmçinin oyunun ssenarisindən asılı olduğunu söyləyib: "Əgər İspaniya ilə qarşılaşırsansa, onda yəqin ki, topa sahib olmaqda uduzacaqsan. Bizdə sürəti artırmaqla və keçidlərlə oyun daha yaxşı alınır".
Qeyd edək ki, Deşam 2000-ci ildə futbolçu kimi Avropa çempionu olub.