1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Elsevər Dünyamalıyevin "İ" əməliyyatı - ARAŞDIRMA
AVRO-2016-nın oyunlarının İctimai Televiziya (İTV) vasitəsilə yayımlanması prosesinə şərhçi kimi "İdman Azərbaycan"dan 8 əməkdaşın cəlb edilməsi birmənalı qarşılanmayıb. Sportnet.az-ın məlumatına görə, hər gün cəmi bir oyunu efirə verəcək İTV idman şərhçiləri sarıdan heç də korluq çəkmir.
Hazırda bu telekanalda idman şərhçiləri Tural Dadaşov və Elnur Əliyevlə yanaşı, digər şöbələrdə çalışan, amma böyük futbol və idman yarışlarında şərhçilik etmiş Natiq Əliyevlə Atəş Məmmədli də var. Hər gün cəmi bir oyunu növbəlilik prinsipi ilə 4 nəfər, özü də cüt-cüt olmaqla, lazımınca şərh edə bilər. İTV əvvəllər 5-6 şərhçi ilə hətta Yay Olimpiya Oyunlarını tamaşaçılara çatdırıb. 2012-ci il olimpiadasının keçirildiyi Böyük Britaniyanın paytaxtı Londondan yarışları şərh edən telekanal ilkə imza atmışdı. Həmin vaxt Londonda studiya fəaliyyət göstərir, yarış zalından canlı müsahibələr təqdim olunurdu.
Mətbuatda AVRO-2016 oyunlarının şərhi üçün "İdman Azərbaycan"a müraciət edildiyi və bunun əsasında köməyə 8 şərhçinin yetişdiyinə dair xəbərlər yayılıb. Amma Sportnet.az-ın araşdırması nəticəsində heç də belə olmadığı üzə çıxıb. Məlum olub ki, "transfer əməliyyatı"nın başında AzTV-nin "boz kardinal"ı, "İdman Azərbaycan"ın sabiq rəhbəri Elsevər Dünyamalıyev dayanıb. Məqsəd isə AzTV-də sürətlə irəliləyən Dünyamalıyevin indi də İTV-ni ələ almaq istəyidir.
Və deyəsən, artıq ələ alıb da. Bunu bir neçə gün öncə İTV-də xəbərlər departamentinin rəhbəri Elgün İbrahimovun müraciətindəki fikirlər də təsdiqləyir: "Karyeramın AzTV-nin sədr müavini Elsevər Dünyamalıyevin məkrli oyunlarının badına getməsinə imkan verilməməlidir. İTV-də təsir qazanmaq üçün bu şəxsin primitiv gedişləri artıq uzun müddətdir orada çalışan çoxlarını təngə gətirib. Məni İTV rəhbərliyinə qarşı çevirmək üçün etdiyi əməkdaşlıq təklifini rədd edərək iki aydır apardığım dirənişdə iradəmi qıra bilməyəcəyini anlayan cənab müavin vərdiş etmədiyi işim və rəhbərliyə qarşı sadiqliyimi həzm edə bilməyərək əsəbindən qıvrılırdı. Dəfələrlə işimizə soxmağa çalışdığı burnu yaxşıca ovuşdurulduğu üçün bu yolla qisas almağa qalxan şəxs qurduğu ssenarilərlə məqsədinə yaxınlaşmaqdadır. Nə qədər ki, müzakirələr üçün imkanlar tükənməyib, ənənəvi görməzlikdən gəlmək praktikasına son qoyulmalıdır. Dialoq pəncərəsi qapandıqda artıq zamanı geri çevirmək mümkünsüz olacaq. Məsələnin həll yolu AzTV və İTV rəhbərliklərinin uzaqgörən qərarından asılı olacaq. Bu hədsiz hərəkətlərə son qoyulmazsa, öz işlərini kənara qoyub boyu əli çatmadığı armuda əl uzadan bir təsadüfi müavinin çirkli əlləri bu işlərdən kəsilməzsə, bu xəmir hələ çox su aparacaq. Hər iki televiziyanın rəhbərliyinə müraciət edərək bu məsələnin nizamlanması üçün təxirəsalınmaz addımlar atmağa çağırıram".
E.İbrahimov İTV-də heç də "balaca adam" olmayıb. O, baş direktor Cəmil Quliyevin müavini Şaiq Məmmədova yaxınlığı ilə seçilib. Sabiq departament rəhbərinin açıqlamalarından görünür ki, israrlı dirənişləri fayda verməyib. E.İbrahimov işdən çıxan kimi E.Dünyamalıyevin ilk "əl işi" görünüb. Gündəlik bir oyun üçün 12 şərhçi: 4-ü, lap olsun 2-si İTV-dən, 8-i isə "İdman Azərbaycan"dan! Necə deyərlər, analoqu olmayan bir şey...
O da məlum olub ki, oyunlara şərhçilərin bölgüsünü də E.Dünyamalıyev aparacaq. Bu halda onun daha çox "İdman Azərbaycan"dan olan şərhçilərə üstünlük verəcəyi şübhəsizdir. Bu gedişlə avqustun 8-də start götürəcək 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında da eyni "praktika"dan istifadə olunacaq. Axı olimpiadanın da yayım hüququ İTV-dədir?!
Beləliklə, əsas məqsədin İTV-ni ələ keçirməkdən ibarət olduğu təsdiqlənir. "İctimai Televiziya"nın özü isə fərqli arqument göstərməyə çalışıb. İTV-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, futbol azarkeşlərinin Avropa çempionatına böyük marağını nəzərə alan şirkət rəhbərliyi bu sahə üzrə ixtisaslaşmış "İdman Azərbaycan” kanalının pesəkar mütəxəssislərini də İTV-nin icmalçıları ilə birgə oyunları şərh etməyə dəvət edib: "Avropa Çempionatının əsas yayımçısı olaraq bəyan edirik ki, bu təcrübə bütün dünyada tətbiq olunur və bunun, bəzi saytların iddia etdiyi kimi, "İTV-nin şərhçı tapmaqda çətinlik çəkməsi” uydurması ilə heç bir əlaqəsi yoxdur".
Qeyd edək ki, AVRO-2016-nın ümumilikdə 51 oyunundan 23-nü İTV, 28-ni "CBC Sport" canlı yayımlayacaq. Bu gün Fransa və Rumıniya yığmaları arasında keçiriləcək oyunda iki şərhçi iş başında olacaq: İTV-dən Tural Dadaşov, "İdman Azərbaycan"dan İsmayıl Abdullayev iş başında olacaq.