1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Kritik müdaxilə
İki gündür Avropa çempionatı başlayıb. Oyunları göstərən kanallardan biri İTV "İdman Azərbaycan”ın şərhçilərini oyunları şərh etmək üçün dəvət edib. Bunun oyunun şərhinin daha keyfiyyətli olması niyyəti ilə edildiyi deyilir. Lap yaxşı. Necə deyərlər, xeyirli olsun.
Bir çoxu kimi mən də dünən bu kanal qarşısında oturub futbola tamaşa edirdim. Bəri başdan qeyd edim ki, şərhçiliyə elə bir ciddi iradım yoxdur. Son illər bu sahənin keyfiyyəti xeyli artıb. Sadəcə, oyun zamanı şərhçilərdən birinin dilindən səslənən ifadə diqqətimi çəkdi. Fransız hücumçu qapıçı ilə təkbətəkə gedəndə rumın müdafiçi onun ayaqları altından topu götürdü. Şərhçi isə "kritik müdaxilə” deyərək qışqırdı.
Bu "kritik" sözünü başqa oyunlarda da eşidirik. Bir də görürsən qapıçı qol vəziyyətinin qarşısını alır, şərhçi qışqırır: "kritik qurtarış!" Yaxud qapı ağzında gərgin vəziyyətdir, şərhçi deyir: "Kritik vəziyyət". "Kritik" sözü türk şərhçilərin tez-tez işlətdiyi ifadədir ki, bizimkilər də onlardan götürüb istifadə edirlər. Etiraf edək ki, yaxşı səslənir, amma ifadə yerindədirmi? Türklər deyirsə, o deməkdir ki bu, düzgündür? Ümumiyyətlə dilimizdə "kritik” sözünün qarşılığı var. Bu barədə az sonra...
Mən alınma sözlərin əleyhinə deyiləm. Amma gərək bu sözlər uyğun şəkildə, təyinatına görə işlədilsin. Məsələn, ruslar müxtəlif xalqların sözlərini, əgər onların danışıq dillərində işlənirsə, dərhal bunu leksikonlarına daxil edir, öz dillərinin sözlərinə çevirirlər. Məsələn, onların dilində "rınok” olsa da, şərq xalqlarından alınma "bazar” sözünü də işlədirlər. Lakin biz danışıq zamanı işlətdiyimiz rusca sözləri dilimizə qatmırıq. Məsələn "uje”, "tok” və s. Yazımızın mövzusu bu olmasa da, mənə elə gəlir ki, bu sözlər dilimizdə işlənsə, yaxşı olar. İşlədilməli söz nə qədər çox olsa, dil bir o qədər zənginləşər.
Lakin kritik sözü konkret yuxarıda təsvir etdiyim vəziyyətlərdə yerində işlədilmir. Çünki "kritik", kritika sözlərinin azərbaycan dilində qarşılığı "tənqidi", "tənqid", lap uzağı müzakirə predmeti mənalarını verir. Yəni, "kritik müdaxilə" deyəndə ilk növbədə, "tənqidi müdaxilə" başa düşülür. Biri məni başa salsın: qapıçı ilə təkbətək mübarizəyə gedən hücumçunun ayağından, müdafiəçi tərəfindən topun alınmasında tənqidi, müzakirə olunası nə var ki, buna şərhçi kritik müdaxilə deyir?
Bir də kritik sözünün bir mənası böhranlı deməkdi. Hətta şərhçinin dediyi "kritik müdaxilə” bu məna kimi də işlədilsə, yenə yerində deyil. Burda böhranlı nə var? Oyunçu ustalığı hesabına topu götürüb ki, buna da "mükəmməl müdaxilə” demək olar. Yaxud burda işlədilməli başqa uyğun sözlər də var. Məsələn, "həlledici müdaxilə”,"əla müdaxilə”, "əhəmiyyətli müdaxilə”, "möhtəşəm müdaxilə” və s. buna bənzər ifadələrdir.
Azərbaycan dilinin gözəlliyini qorumaqla yanaşı, onun düzgün ifadəli və məntiqli olmasını da təmin etməliyik.
Vüqar MƏMMƏDOV