
"Qarabağ”ın albaniyalı futbolçusu Ansi Aqolli Almaniya mətbuatına müsahibə verib. Sportnet.az-ın məlumatına görə, təcrübəli müdafiəçi milli komandasının heyətində AVRO-2016-da çıxışları haqda danışıb...
- Albaniya yığması ilk dəfə final mərhələsində çıxış edir. Bu, sizin üçün ən yaxşı andır?
- Hər şeyi reallıq kimi qəbul edirəm. Artıq bircə bu fakt mənim üçün böyük önəm kəsb edir. Mən final mərhələsində keçirdiyim hər saniyəni sevirəm.
`
- Ölkənizdə baş verənlərlə xəbərdarsınız?
- Albanlar dünyada ən qürurulu insanlar sayılır! Ölkənin hər yerində bayraqlar dalğalanır. İnsanlar mahnı oxuyurlar. Əlbəttə, biz futbolçular bundan ilham alırıq. Bizə turnir vaxtı yaxşı atmosfer lazımdır. Bu hisslər bizim üçün önəmlidir. Eyni zamanda bizə güclü təzyiq var. Ancaq biz həmyerlilərimizi xoşbəxt etməyə çalışmalı olduğumuzu sevinclə qəbul edirik.
- Yəqin ki, Albaniya almaniyalı azarkeşlərin daha çox öyrənmək istədiyi ölkələrdən biridir. Zəhmət olmasa, bizə milli komandanızın güclü və zəif tərəflərini söyləyərdiniz...
- Bizim yığmanın komanda ruhu var. Bu, futbolda vacibdir. Komandamızda harmoniya həqiqətən fantastikdir. Hətta ola bilər ki, bu turnirdə ən unikaldır. Hər birimiz bu çempionatda daha çox şeyi göstərmək istəyirik. Biz bura düşmək üçün çox güc sərf etmişik. Yəni bu, bizim böyük gücümüzdən xəbər verir. Əlbəttə, eyni zamanda zəif tərəflərimizi bilirik. Bizim nə Messi, nə də Ronaldu kimi dahi futbolçumuz var. Həm də biz çox təcrübəsizik. Bu, debütanta xasdır.
- İtaliyalı baş məşqçiniz Covanni De Byazinin futbol fəlsəfəsini və taktiki dəyişikliklərini təsvir edərdiniz...
- O, bizdən dəmir nizam-intizam, taktiki cəhətdən etibarlı oyun və hər futbolçunun hər dəqiqə bütün gücünü qoymasını tələb edir. Baş məşqçimiz komandanın mentalitetini əməli dəyişdi. Onun bizi Fransadakı final mərhələsinə çıxarması təəccüblü deyil.
- İlk oyunda İsveçrəyə 0:1 hesabı ilə uduzdunuz. Bu məğlubiyyətə kapitanınız Lorik Sananın erkən qırmızı vərəqə alması böyük təsir göstərdi. Belə söz-söhbətlər gəzir ki, o, oyundan öncə bir yeşik pivə açıb...
- Heç bir futbolçu oyundan öncə pivə içməyi özünə imkan verməz (gülür). Mən həqiqətən Lorikə görə üzülürəm. Avropa çempionatı onun karyerasının pik nöqtəsidir. O, bizim üçün ən vacib futbolçulardsan biridir. Ancaq ilk matçdaca vaxtından əvvəl meydanı tərk etməli oldu və onun üçün uğursuz alındı. Bu, futboldur, həyatda nə olacağını bilmək olmur.
- Siz Marseldə azarkeşlər arasında qarışıqlığı izlədiniz?
- Əlbəttə. Belə şeylərin olması faciədir. Bu turnir ona görədir ki, bütün Avropadan azarkeşlər gəlir və birgə bayram edirlər. Daha bir-birini döyərək qana bulamağa yox. Albaniyalı azarkeşlər İsveçrə ilə matçda necə sakit şəkildə sevinməyi göstərdilər. Mən bununla fəxr edirəm.
- Bu çempionatda mümkün sensasiyalı qələbəni necə qeyd etmək planınız var?
- (gülür). Final mərhələsində iştirak artıq mənim üçün bayramdır! Onu da deyə bilərəm ki, Ermənistan yığmasına qarşı həlledici oyun bizim üçün xüsusi idi. Ancaq açığı, azarkeşlərimizn ürəyini fəth etməyimiz mənim üçün ən böyük uğurdur.