Türkiyəli referi Cüneyt Çakır Avropa çempionatının qarşıdakı oyunlarında təyinat almayacaq. Sportnet.az-ın məlumatına görə, artıq 40 yaşlı referi vətəninə qayıdıb.
Sonuncu dəfə qitə turnirinin 1/8 final mərhələsində İtaliya - İspaniya (2:0) oyununu idarə edən Çakır yarımfinal oyunlarına əsas namizəd kimi göstərilirdi. Çakırın təyinat almama səbəbi kimi İngiltərənin İslandiyaya məğlub olaraq turnirdən kənarda qalması göstərilir. UEFA İngiltərənin turnirdə qalacağı təqdirdə iki ingilis referidən - Martin Atkinson və Mark Klattenburqdan birini evə göndərəcəkdi. Belə olan təqdirdə isə hər iki hakim qitə turnirində idarəçiliyə davam edəcək.
Qeyd edək ki, Cüneyt Çakır Avropa çempionatında 3 oyun idarə edib. Bunların ikisi qrup, biri isə 1/8 finalı görüşü olub.