Azərbaycan Çempionlar Liqasında (ÇL) 18-ci mövsümünün startına hazırlaşır. Sportnet.az-ın məlumatına görə, ölkəmiz 1997-ci ildən mübarizə apardığı qitənin ən nüfuzlu klub turnirində ardıcıl 3-cü mövsüm "Qarabağ"la təmsil olunacaq. Qurban Qurbanovun komandasının mübarizə başladığı turnirin II təsnifat mərhələsində rəqibi Lüksemburqun "Düdelanj" klubudur. İlk oyun sabah Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.
"Qarabağ" əvvəlki 2 mövsümdə ÇL-in bu mərhələsində Maltanın "Valletta" və Çernoqoriyanın "Rudar" klublarına rəqib olaraq mərhələ keçməkdə problemlə üzləşməyib. Ağdam təmsilçisi maltalıları səfərdə 1:0, evdə 4:0 hesabı ilə məğlub edərək III təsnifat mərhələsinə yüksəlib. "Rudar"la evdə qolsuz bərabərlik edən Qurban Qurbanovun komandası mərhələni səfərdə qazandığı 1:0 hesablı ilə keçib.
Bu, klublarımızın ÇL-də 51 oyunu olacaq. Əvvəli 50 matçdan 14-də qələbə, 13-də heç-heçə, 23-də məğlubiyyət olub (topların fərqi 44-73). Klublarımızdan ÇL-də ən çox "Neftçi" çıxış edib - 6 dəfə. "Kəpəz", "Şəmkir", "Bakı", "İnter" "Qarabağ" turnirdə hərəyə 2, "Xəzər Lənkəran" 1 dəfə çıxış edib. Ancaq ölkəmiz hələ ki nəinki ÇL-nin qrupuna düşməyib, pley-off mərhələsinə də vəsiqə qazanmayıb. Klublarımız mübarizəni bir qayda olaraq III təsnifat mərhləsində dayandırıb.