1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Tarixi qələbə ilə başlayan, rekordlarla zəngin mübarizə
Azərbaycan milli komandası tarixində 6-cı dəfə dünya çempionatının seçmə mərhələsində mübarizə aparacaq.
Sportnet.az-ın məlumatına görə, az sonra San Marino yığmasına qarşı səfər matçına çıxacaq millimiz bunadək 1998, 2002, 2006, 2010 və 2014-cü illərdəki tsiklərdə çıxış edib. Bu dəfə mübarizə final mərhələsi 2018-ci ildə Rusiyada keçiriləcək yarışla bağlıdır. Arxada qalan 5 seçmə mərhələdə maraqlı anları bu araşdırma yazısında birgə xatırlanır...
DÇ-1998 (Rəqiblər - Norveç, İsveçrə, Finlandiya, Macarıstan)
Millimiz ilk rəsmi qələbəsini məhz dünya çempionatının seçmə oyununda qazanıb. Bu, 1996-cı ilin avqustun 31-də İsveçrə yığması ilə matçda baş verən 1:0 hesablı nəticədir ki, bunun 20 illik yubileyi 4 gün öncə qeydə olunub. Millimiz vətənində ilk seçmə mərhələ matçını onda Tofiq Bəhramov adına Respublika stadionunda keçirib. Çünki debütümüz olan AVRO-1996-nın oyunlarını ölkəmizdəki gərgin vəziyyət üzündən qoyulan qadağaya görə Türkiyənin Trabzon şəhərində "Avni Aker" stadionunda keçirməli olmuşduq.
Kazbek Tuayevin baş məşqçisi olduğu yığmamız isveçrəliləri Vidadi Rzayevin vurduğu qolla məğlub edib. Ancaq növbəti oyunda elə mərkəzi arenada Macarıstana böyük hesabla uduzan millimizdə Tuayev istefaya göndərilib və baş məşqçi postu Vaqif Sadıqova tapşırılıb. Milli komandamız həmin sçemə mərhələni elə bu mütəxəssislə başa vurub və qazandığı 3 xal həmin yeganə qələbə sayəsində mümkün olub.
Yekun nəticə: 8 oyun - 1 qələbə, 7 məğlubiyyət, topların fərqi 3-22, qrupda 5 komanda arasında sonuncu
DÇ-2002 (Rəqiblər - İsveç, Türkiyə, Slovakiya, Makedoniya, Moldova)
Bu, ilk seçmə mərhələdir ki, millimiz bir mütəxəssisin rəhbərliyi altında keçirib. Həmin baş məşqçi futbolda yeganə Olimpiya çempionumuz olan İqor Ponomaryov olub. Uzun müddət xal sayında rekorda da həmin tsikldə nail olunub. Həmin 5 xal evdə Slovakiya üzərində 2:0 hesablı qələbə, Moldova ilə qolsuz, Makedoniya ilə 1:1 hesablı heç-heçə sayəsində qazanılıb. Slovakiyalıların Zaur Tağızadə və Vadim Vasilyevin vurduğu qollarla məğlub edildiyi "Tofiq Bəhramov"dakı matç ən yaddaqalan qarşılaşmalardan biri kimi tarixə düşüb. Makedoniya ilə "Şəfa" stadionundakı oyunda əzmkar heç-heçə isə Fərrux İsmayılovun son dəqiqələrdə vurduğu qolla qazanılıb.
Yekun nəticə: 10 oyun - 1 qələbə, 2 heç-heçə, 7 məğlubiyyət, topların fərqi 4-17, qrupda 6 komanda arasında sonuncu
DÇ-2006 (Rəqiblər - (İngiltərə, Polşa, Uels, Avstriya, Şimali İrlandiya)
Həmin seçmə mərhələnin əsas özəlliyi ondadır ki, millimizə tarixində ilk dəfə əcnəbi baş məşqçi təyin olunub. Bu, braziliyalı dünya çempionu, "Futbol kralı" Pelenin kapitanı olmuş Karlos Alberto Torres idi. Təcrübəli mütəxəssisin rəsmi debütü Uelslə Respublika stadionundakı oyunda qazanılan 1 xalla olub. Rəşad Sadıqovun həmin matçda uzaq məsafədən cərimə zərbəsindən vurduğu gözəl hələ də yaddaşlardan silinməyib. Ancaq bu, həm ilk, həm də sonuncu qol olub və millimiz elə həmin seçmə mərhələdə tarixində Fransadan 0:10-dan sonra 2-ci ən ağır məğlubiyyətini alıb. Bu, 0:8 hesablı yenilgi ilə yaşanan "Varşava faciəsi" idi. Torresi millimizdən elə polşalılar yola salıblar. Sadəcə, bu, 2005-ci ilin iyununda mərkəzi arenada 1:3 hesablı məğlubiyyətdən sonra olub.
Tuayevin dövründə olduğu kimi, istefaya göndərilən baş məşqçini Vaqif Sadıqov əvəzləyib. O, 3 müxtəlif vaxtda çalışdırdığı millmizdə ilk və yeganə xalını də həmin tsikldə qazanıb. Bu, Avstriya ilə "Tofiq Bəhramov"dakı qolsuz heç-heçə idi. Millimiz qol sayına görə seçmə mərhələlələr tarixində ən zəif göstəricisinə onda imza atıb.
Yekun nəticə: 10 oyun - 3 heç-heçə, 7 məğlubiyyət, topların fərqi 1-21, qrupda 6 komanda arasında 6-cı
DÇ-2010 (Rəqiblər - Almaniya, Rusiya, Uels, Finlandiya, Lixtenşteyn)
Millimiz bu seçmə mərhələyə də əcnəbi məşqçinin rəhbərliyi altında başlayıb. Bu, almaniyalı Berti Foqts idi ki, onun debütü məhz bu tsikldə olub. Foqts ümumilikdə 6 il işləyərək, Azərbaycan yığmasını ən uzunmüddətli çalışdıran mütəxəssis kimi tarixə düşüb. Millimiz bu seçmə mərhələdə də 5 xal toplayıb və Ponomaryovun vaxtındakı rekordu təkrarlayıb. Bunun 4-ü isə bir rəqibdən - aşkar autsayder Lixtenşteyndən götürülüb: evdə 0:0, səfərdə 2:0. Qolların müəllifləri Vaqif Cavadovla Elvin Məmmədov olublar. Millimiz həmin tsikldə sonuncu xalını seçmə mərhələyə yekun vurduğu Rusiya ilə mərkəzi arenadakı matçda qazanıb. Onda da qola Vaqif Cavadov imza atıb.
Millimizin əyalətdə keçirdiyi hələ ki yeganə oyun da həmin seşmə mərhələdə olub. Komandamızın Finlandiyaya Lənkəranda 1:2 hesabı ilə uduzduğu matçda da Elvin Məmmədov fərqlənib. Yığmamızın həmin tsikldə vurduğu 4 qoldan yarısı Cavadovun, yarısı Məmmədovun payına düşüb. Bu seçmə mərhələnin əsas özəlliyi yığmamızın ilk dəfə qrup sonuncusu olmamasındadır. Təbii ki, bu, ən çox xal aldığımız Lixtenşteyni qabaqlamaqla reallaşıb.
Yekun nəticə: 10 oyun - 1 qələbə, 2 heç-heçə, 7 məğlubiyyət, topların fərqi 4-14, qrupda 6 komanda arasında 5-ci
DÇ-2014 (Rəqiblər - Portuqaliya, Rusiya, İsrail, Şimali İrlandiya, Lüksemburq)
Bu tsikl milli komandamızın ən çox xal topladığı seçmə mərhələ kimi tarixə düşüb. Onda da baş məşqçisi Berti Foqts olan yığmamız cəmi 1 qələbə qazansa da, 6 oyunda heç-heçə edə bilib. Bu, İsrail (hər iki oyun - 1:1) və Lüksemburqla (səfərdə 1:1, evdə 0:0) qoşa matçlar, Şimali İrlandiya ilə səfərdə, Rusiya ilə evdə 1:1 hesabı ilə nəticələnən oyunlardır. Millimiz yalnız 3 matçda uduzub ki, bunlar lider Portuqaliyada səfərdə 0:3, evdə 0:2 və Rusiyaya Moskvada 0:1 hesablı məğlubiyyətlərin baş verdiyi görüşlərdir. Millimiz ən çox qola da həmin seçmə mərhələdə imza atıb. 7 qoldan 2-nin müəllifi Ruslan Abışovdur. O, İsrailə və Lüksemburqa evdə qol vurub. Rauf Əliyev Şimali İrlandiyada, Rahid Əmirquliyev İsraildə fərqlənib. Rüfət Dadaşovla Mahir Şükürov yeganə qələbəyə imza atdıqları Şimali İrlandiya ilə matçda (2:0) qol vurub. "Bakcell Arena"da bundan sonra Rusiya ilə oyunda isə son dəqiqələrdə Vaqif Cavadov başla vurduğu qolla millimizə 1 xal qazandırıb.
Təbii ki, bu 9 xal qrupdakı mövqedə də əksini tapıb. Millimiz ilk dəfə birdən-birə 2 yığmanı - Şimali İrlandiya və Lüksemburqu arxada qoyaraq mübarizəni 4-cü pillədə bitirib.
Yekun nəticə: 10 oyun - 1 qələbə, 6 heç-heçə, 3 məğlubiyyət. topların fərqi 7-17, qrupa 6 yığma arasında 4-cü
İndiyədək Fransa, Yaponiya və Cənubi Koreya, Almaniya, Cənubi Afrika Respublikası və Braziliyada keçirilən dünya çempionatının final mərhələlərinə çıxa bilməyən millimiz bu dəfə qonşu Rusiyadakı məsul turnirə vəsiqə qazanmağa çalşacaq. Komandamız hazırkı rəqiblərindən Çexiya və San-Marino ilə ilk dəfə seçmə mərhələdə bir qrupa düşüb. Norveç millimizin debüt etdiyi 1998-ci il dünya çempionatının seçmə mərhələsində rəqib olub ki, Oslodakı həmin oyunda meydan sahibləri qalib gəlib - 5:0. Şimali İrlandiya ilə indiyəqədərki qarşılaşmalar isə məhz dünya çempionatının seçmə mərhələsində olub. Bu 4 matçın 1-də yığmamız, digərində rəqibi qələbəyə sevinib, 2 görüş isə heç-heçə ilə nəticələnib. Maraqlıdır ki, topların fərqi də bərabərdir - 5-5.
Mehman Süleymanov
Yazı AFFA yanında Media Komitəsinin dəstəyi ilə hazırlanıb