Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının VII turuna yekun vurulub. Sportnet.az-ın məlumatına görə, turun son oyununda "Qəbələ" "Qarabağ" klubunu qəbul edib.
Qəbələ şəhər stadionunda baş tutmuş görüşə meydan sahibləri aktiv başlayıb. Nəticədə oyunun 11-ci dəqiqəsində "qırmızı-qaralar" hesabda önə keçib. Filip Ozobiç möhtəşəm zərbə ilə İbrahiş Şehiçi məyus etməyi bacarıb. Cəmi 3 dəqiqə sonra qonaqlar ikinci dəfə qapılarında top görüb. Bu dəfə Baqali Dabo Asif Məmmədovun ötürdüyü topu başla tora göndərib. İlk 45 dəqiqə bu hesabla da başa çatıb.
İkinci hissəyə isə qonaqlar aktiv başlayıb. Buna baxmayaraq rəqib qapısına yol tapmaq mümkün olmayıb. Oyunun qalan dəqiqələrində qapılara qol vurulmayıb və oyun "Qəbələ"nin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bununla da "Qəbələ" Premyer Liqanın ilk dövrəsini 19 xalla birinci pillədə başa vurub. Səfər görüşündən xalsız dönən "Qarabağ" isə 13 xalla 3-cüdür.
Qeyd edək ki, turun digər oyununda "İnter" evdə "Zirə" ilə 1:1 hesablı heç-heçəyə razılaşıb. "Sumqayıt" - AZAL oyununda da eyni hesab qeydə alınıb. "Neftçi" isə evdə "Kəpəz"ə 2:0 hesabı ilə qalib gəlib.
2 oktyabr
19:00. "Qəbələ” – "Qarabağ” - 2:0
Qol: Filip Ozobiç, 11. Baqali Dabo, 14
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Akif Əmirəli, Coşqun Həsənov
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Rövşən Əhmədov
Qəbələ. Şəhər stadionu.