
Azərbaycan Premyer Liqasının VII turunda "Zirə" ilə qarşılaşan "İnter" (1:1) bu gündən məşqləri bərpa edib. Sportnet.az-ın məlumatına görə, milli komandanın düşərgəsinə qoşulan 5 və U-21-in toplanışına qatılan 2 futbolçu məşqlərdə iştirak etməyib.
Zədəsini bərpa edən Adrian Skarlatake kollektiv məşqlərə başlayıb. Uzun müddətdir sıradan çıxan Denis Silva isə məşqlərdə iştirak etmir.
2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatının seçmə qrup mərhələsinin oyunları səbəbindən Premyer Liqada yaranan fasilədən istifadə edən "İnter" "Zirə" ilə yoldaşlıq görüşü keçirəcək. Komandalar oktyabrın 8-də "İnter Arena"da üz-üzə gələcək.