"Əlbəttə, çempionata uğursuz başlamışıq. Ancaq əsas diqqətimizi bundan sonrakı matçlara yönəltmişik. Yadınızdadırsa, ötən mövsüm də çempionatın əvvəlində belə uğursuz start olmuşdu. Onda hətta nə xal qazanmış, nə də qol vurmuşduq".
Bunu Sportnet.az-a açıqlamasında AZAL klubunun vitse-prezidenti Fikrət Hüseynov bildirib. Onun sözlərinə görə, hazırda son pillədə olan komandası özündə güc taparaq dönüş edə biləcək: "Düzdür, bu çempionat o çempionata bənzəmir. Ötən mövsümdən fərqli indi Premyer Liqada 8 iştirakçı var, zəif komanda yoxdur. Ötən mövsümdən 4-5 futbolçu komandamızdan gedib. Hazırkı AZAL-a yeni komanda deməzdim. Ancaq ötən mövsümkü heyətdən 60-70 faiz qalıb. 30 faizi yoxdur ki, onlar da əsas heyətin oyunçuları idilər".
Hüseynov növbəti dəfə baş məşqçi Tərlan Əhmədovun inamını nümayiş etdirib: "İnanırıq ki, Tərlan müəllim əlinin altında olan futbolçularla öz sözünü deyə biləcək və ilk qələbəmizi oktyabrın 16-da "Kəpəz" üzərində qazanacağıq. Əhmədov getməklə bağlı sözü daha deməz. Baş məşqçi həmin oyunu görmürdü, sanki qaranlıq bir şey görürdü... Əhmədov cavan da olsa, təcrübəli məşqçisir, gözəl insandır. O. heç nədən komanda yığa və oynada bilir. Tərlan müəllimin yerinə hansı məşqçi gəlir-gəlsin, 2-3 turdan sonra həmin sözü deyəcək. Ancaq o, qəhrəmandır ki, bu şəraitdə, bu vəziyyətdə komandanın arxasında dayanır".