"Azərbaycan yığması çexiyalı futbolçular üçün asan rəqib olmayacaq". Sportnet.az-ın məlumatına görə, bu sözləri Çexiya milli komandasının sabiq baş məşqçisi Yozef Peşiç bildirib. Yığmasının 2018-ci il dünya çempionatının seçmə mərhələsində Azərbaycan milli komandası ilə qarşıdakı oyunu öncəsi fikirlərini bölüşən təcrübəli mütəxəssis çətin sınaq qarşısında olacaqları qənaətindədir.
Millimizin Norveç yığmasına 1:0 hesabı ilə qalib gəldiyi son oyunu izləyən Peşiçin sözlərinə görə, uğurlu çıxışda xorvatiyalı baş məşqçimiz Robert Prosineçkinin böyük rolu var: "Prosineçkinin komandanın oyununa aşkar təsiri var. Bu, məşqçinin işində özünü göstərir. Azərbaycan yığmasının oyunu Xorvatiya millisinin oyununu xatırladır. Mənə elə gəlir ki, azərbaycanlıların futbolu xorvatların oyununa bənzəyir. Ona görə bu milli də xorvatlar kimi bizə asan olmayacaq".
Çexiya millisində baş məşqçi Mixal Bilekin köməkçisi olan, sonradan özü rəhbərlik edən mütəxəssis yğmamızın ilk növbədə arxa xəttinə yüksək qiymətləndirib: "Onların gücü əsasən müdafiədədir. Sürətli, texnikalı oyun cəhətdən seçilirlər. Əks-hücumları çox təhlükəlidir. Ərazi üstünlüyü əldə edəndə, onlara qarşı oynamaq çox çətindir".
Peşiç millimizin də əsas müdafiəçiləri olan kapitan Rəşad Sadıqovla Maksim Medvedevin çıxışına yüksək qiymət verib. O, Norveçlə matçda müdafiənin mərkəzində tandem təşkil edən bu oyunçuların "Qarabağ"ın heyətində avrokuboklarda "Viktoriya" və "Slovan"la matçlardan xayırlayır: "Hər ikisi inamlı təsir bağışladı. Onlar norveçliləri təşvişdə saxlayırdılar. Ancaq Azərbaycanın bütün müdaifə xətti yaxşı işləyirdi. Oyunda qolu da Maksim Medvedev vurdu. O, standart vəziyyətdən sonra fərqləndi ki, norveçlilər həmin epizodlarda pis oynayırdılar. Onlar düşündülər ki, təhlükə sovuşdu. Amcaq azərbaycanlılar topu rəqibin cərimə meydanına qaytardılar və bu, onların məqsədi idi. Standart vəziyyətlərdə üstünlüklərini göstərirdilər. Oyunları eyni şəkildə, sürprizsiz idi".
66 yaşlı mütəxəssis Azərbaycan yığmasının 2 oyundan sonra 6 xal toplamasına təəccüblənib: "Az adam gözləyirdi ki, bu milli komandanın iki oyundan sonra hesabında 6 xal olacaq. Rəqib Norveçlə oyunda öz gücünü göstərdi. Narahat rəqibdir və bizim üçün çətin matç olacaq. Seşmə mərhələdə mübarizə uzun olacaq və hər şey yalnız sonda həll olunacaq. Şübhəsiz ki, qarşıdakı oyun vacib olacaq. Azərbaycanlıları dayandırıb 3 xal almalıyıq. Futbolçularımız sonadək mübarizə apararaq nəyin bahasına olursa-olsun qalib gəlməlidir".