"İnter"in yarımmüdafiəçisi Nizami Hacıyev Azərbaycan Premyer Liqasının VIII turunda evdə "Qəbələ" ilə baş tutmuş görüşdən (1:1) sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az Hacıyevin müsahibəsini təqdim edir.
- Nizami, bu gün bir xal qazandınız, yoxsa iki xal itirdiniz?
- Bir xal qazandığımızı deyə bilmərəm. İki xal itirdik. Çünki yaxşı oyun oynadıq. Qol vurduq, əfsuslar olsun ki, tez müdafiəyə oturduq. Bu da qol buraxmağımıza səbəb oldu. Ümumi götürsək, pis oynamadıq. Gələcək oyunlara hazırlaşmalıyıq.
- Hesab bərabərləşəndən sonra daha da fəalllaşdınız. Sanki qol buraxmağı gözləyirdiniz...
- Elə bil, bu, bizim qanımıza işləyib. Hər dəfə qol buraxandan sonra oynamağa, əlimizdən gələni etməyə başlayırıq. Düz qeyd elədiniz. Bu gözləməməliyik. Müdafiəyə tez oturmamalıyıq. İkinci hissənin lap əvvəlində qolu vurduq, tez də geri çəkildik. Bunu təhlil edib, üzərində işləməliyik.
- Liderlə heç-heçəni "İnter" üçün qənaətbəxş nəticə hesab etmək olar?
- Xeyr. Deməzdim ki, "Qəbələ" bu gün bizdən beş baş güclüdür. Heç bir baş da güclü deyil. Yaxşı komandadır, Avropada Azərbaycanı təmsil edən komandadır. Amma bu gün öz oyunumuzu istədiyimiz rəqibə göstərə bilirik. Baxmayaraq ki, "Qəbələ" bizdən 4 xal irəlidədir, hələ heç nə bitməyib. Heç kim deyə bilməz ki, "Qəbələ" və ya digər bir komanda çempiondur. Çempionat uzundur və əlimizdən gələni edib, öz yerimizi tutacağıq.
- İlk hissədə elə də yaxşı görünmürdün. Nə problem var idi?
- İlk 15 dəqiqədə ayaqlarım tutulmuşdu. Nədən olduğunu bilmədim. Sonradan özümə gəldim. Bir az yorğunçuluq var idi. İkinci hissə pis oynamadım. Bundan artıq çalışıb, öz üzərimizdə bundan da yaxşı işləməliyik.
- Ardıcıl 3-cü ev oyunudur ki, heç-heçə edirsiniz. Bu da yeni sindromdu?
- Sindrom-zad deyil. Sadəcə, təsadüfən üst-üstə düşən şeylərdir. "Zirə" burada bizə son dəqiqədə qol vurdu, indi də belə...
- Komandada çatışmayan nədir?
- Düşünürəm ki, qol vurduğumuz hər oyunda müdafiəyə tez otururuq. Ən böyük çatışmazlığımız budur. Mənfi cəhətdir. Bunu aradan qaldırmaq lazımdır. Bunun üzərində işləməliyik.