"Sumqayıt"ın hücumçusu Amil Yunanovun Sportnet.az-a müsahibəsi
- Premyer Liqanın son turunda "Qəbələ"yə qarşı oyununuzu necə dəyərləndirərdin?
- Çox maraqlı oyun oldu. Qələbə də qazana bilərdik. Amma heç-heçə də pis nəticə deyil. Ən azı ona görə ki, 1 xal qazandıq.
- Bəs öz çıxışın haqda nə deyə bilərsən? Bu mövsüm ilk qolunu 2:2 hesabı ilə nəticələnən həmin ev oyununda vurdun...
- Məncə, oyuna pis qoşulmadım. Daha 1 qol vura bilərdim. Ancaq qapı tiri imkan vermədi. Yenə də yaxşı ki, bu mövsüm ilk qolumu vurdum. Davam eləmək lazımdır qol vurmaga. Bunun üçün çox çalışmalıyam.
- İlk qolunu yetirməsi olduğun "Qəbələ"yə vurmaq sənə necə təsir etdi?
- Meydandasansa, onu fikirləşmirsən ki, bu, köhnə komandandır və ya başqası. Çalışırsan ki, qol vurub indiki komandana kömək edəsən.
- Ancaq vurduğun qola sevinmədin. Bu, nəyin göstəricisidir?
- İstəmədim ki, "Qəbələ"yə qolumu çılğınlıqla qeyd edim. Çünki komandada yaxşı xatirələrim var... 5 il "Qəbələ"də olmuşam. Mənə həmişə dəstək olublar: azarkeşlər də, rəhbərlik də. Onlara çox böyük hörmətim var.
- Yəni, hər dəfə "Qəbələ"yə qol vuranda belə edəcəksən?
- Hə, çalışacağam sevinməyim.
- Maraqlıdır ki, ilk qolunuzu vuran Yusif Nəbiyev də "Qəbələ"nin yetirməsidir. Yəni, bu klubu öz yetirmələri "yıxdı", maraqlı təsadüfdür. Yusiflə oyundan sonra bu haqda söhbətləşdin?
- Yusif qol vuranda, açığı, cox sevindim... Həmin vaxt ehtiyatda idim. Çox istərdim ki, Yusif "Qəbələ"də əsas heyətdə olsun. Çünki ora layiqdir. Nəbiyevlə dediyiniz məqamla bağlı söhbətimiz olmadı. Sadəcə, ikimiz də hazırkı komandamıza kömək etdiyimiz üçün çox sevinirdik. Liderlə matçda xal qazandıq, əsas budur. Futbolda yetişdiyi kluba qol vuranlar çox olur. Bu, normal haldır.
- "Qəbələ"dən oyundan sonra sizə zarafatla da olsa bir şey söyləyən oldu?
- Yox, heç kimi görmədim. Sakit çıxıb evə getdik.
- Penaltini özün vurmaq istədin, yoxsa bu vəzifə sənə tapşırılmışdı?
- Yox, özüm istədim, topu götürdüm. Çünki özümə inandım. Yaxşı ki, qol oldu.
- "Qəbələ"nin ukraynalı qapıçısı Dmitri Bezotosnı etibarlı qapıçıdır, bu il uzun müddət qol buraxmırdı. Penaltiləri də dəf edə bilər. Bunlar səndə tərəddüd yaratmadı ki, son saniyələrdə, həlledici anda ona qol vura bilməzsən?
- Yox, heç elə şeyi fikirləşmədim. Amma tirə dəyən topa görə çox pis oldum. Qapıya girsəydi, məncə, əla qol alınardı. Bəlkə də mövsümün ən gözəl qollarından biri olardı (gülür).
- Səncə, bu qoldan sonra "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçukun yadında qaldınmı?
- Bilmirəm, bəlkə də qaldım. Bunu özündən soruşun.
- Bu qol sənə gələcək oyunlarda nə dərəcədə kömək olacaq? Çünki uzun müddət fərqlənə bilməyən hücumçular adətən belə deyirlər: "Mənə 1 qol lazımdır ki, bu vəziyyətdən çıxım, sonra ardı gələcək"...
- Hə, belə olur. Qol vurmaq futbolçuda özünəinamı artırır. Hücumcuda isə lap çox. İnanıram ki, qollarımın davamı gələcək.