1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Tərsəməzhəb
Mehman SÜLEYMANOV
"Neftçi”nin son turda "İnter”lə matçındakı məlum penalti olayı məni 6 ay öncəyə apardı. Onda da "Bakcell Arena”dakı qarşılaşması idi. Sadəcə, Premyer Liqada yox, Azərbaycan kubokunda ilk yarımfinal görüşü. Düz həmin qapının yaxınlığındakı cərimə meydanında qayda pozuntusu idi. Ancaq hazırda ən güclü hakimimiz olan FİFA referisi Əliyar Ağayev özünə yaraşmayan elə kobud səhvə yol verdi ki, ona izah tapmaq çətin oldu. O vaxt "Qəbələ”nin liderlərindən olan ukrayalı yarımmüdafiəçi Aleksey Qayı "Neftçi”nin qapıçısı Aqil Məmmədov cərimə meydanında yıxdı ki, bu, aşkar penalti idi. Ancaq Ağayev bunun əvəzinə Qaya siimulyasiyaya görə sarı vərəqə verdi və təbii ki, 11 metrlik cərimə zərbəsi təyin etmədi. AFFA da bu səhvi təsdiqlədi və Əliyarı cəzalandırdı. Ağayev isə bu yaxınlaradək "Qəbələ”nin oyunlarından bilərəkdən imtina edərək getməyə üzü gəlmirdi.
Bundan 6 ay sonra meydançanın məhz həmin yerində digər əks-səda doğuran epizod yaşanır. Bu dəfə "Neftçi” hücum edir və vitse-kapitanı Cavid İmamverdiyevin keçidinin qarşısını "İnter”in gürcü müdafiəçisi Zurab Xizanişvili əllə oyunla alır. Ancaq bu, cərimə meydanının daxilində yox, kənarında olur. Yəni penalti deyil. Ancaq baş hakim Rəvan Həmzəzadə 11 metrlik nöqtəni göstərir.
Göründüyü kimi, hakimlərimiz dediyim bu 2 epizodla bağlı tərsəməzhəb qərarlar qəbul edirlər. Penalti olanda vermirlər, olmayanda verirlər. Köməkçiləri isə adlarına uyğun olmayan funksiyanı yerinə yetirirlər. Yəni kömək etmək əvəzinə əksinə, zərər vururlar. Necə deyərlər, qaş düzəltdikləri yerdə vurub gözü də çıxardırlar. Epizoddan görünür ki, Həmzəzadə dərhal penalti təyin etmir, cərimə zərbəsi verməyi düşünür. Ancaq qulaqcığına gələn "əllə oyun içəridədir" kəlməsindən sonra fikrini dəyişərək nöqtəni göstərir. Rəvanı müdafiə etmək fikrində deyiləm. O, baş hakim kimi məsuliyyəti öz üzərinə götürüb son qərarı verməli, öz fikrində qalmalı idi. Ancaq Həmzəzadəni fikrindən yayındıran köməkçisi həm onu, həm də özünü zərbə altına qoydu.
Həmişə demişəm ki, yan xətt hakimlərimiz baş hakimə istənilən köməyi göstərmirlər. Bir də görürsən ki, top xətdən çıxıb, bayrağı ilə istiqaməti göstərmək əvəzinə elə yuxarıda saxlayır və baş hakimə baxır. O, istiqamətini göstərəndən sonra özü də bunu edir. Pis çıxmasın, bunu qoca nənəm də edər. Hələ ofsaydlarla bağlı xətaları demirəm. Bu çempionatda komandaların azalması ilə əlaqədar oyunların sayı azalandan sonra AFFA hakimlər boş qalmasın, maddi durumları qaydasında olsun deyə hər matça əlavə hakim-köməkçiləri təyin edir. Ancaq onlar da qapının arxasında gün keçircəklərsə, bir cərimə meydanında hakim ola bilməyəcəklərsə, onda nə deyəsən?
Əsas zərbəni alan isə "İnter” oldu. Xizanişvili bu haqsızlıqdan o qədər hiddətlənmişdi ki, matçdan sonra da baş hakimə etirazını bildirdi və final fitindən sonra sarı vərəqə aldı. Bu da onda 4-cü oldu və deməli, növbəti turu buraxaq. Komandanın digər əsas heyət oyunçuları – kapitan Nizami Hacıyevlə millimizin üzvü Ağabala Ramazanov da növbəti turda sarı vərəqə limitini doldurduqlarına görə meydana çıxmayacaqlar. Bu da istər-istəməz şübhə yaradır. Nətər oldu ki, hədəf məhz cəza təhlükəsi ilə üz-üzə qalanlar seçildi? Hələ yaxşı ki ev oyunudur, rəqib autsayderdir. Ancaq digər tərəfdən, həmin AZAL son turda lider "Qəbələ”ni büdrədib.
Ümumiyyətlə, son tur milli dərəcəli hakimlərin "qəhrəmanlığı” idi. Digər gənc referimiz İnqilab Məmmədov isə "AZAL Arena”da "inqilab elədi”. Bir vaxtlar "Qəbələ” üçün arzuolunmayan hakim sayılan bu referi ukraynalı baş məşqçisi Roman Qriqorçuku "texniki zona”dan qovdu. Qriqorçuku özündən çıxaran isə AZAL-ın yarımmüdafiəçisi İlqar Ələkbərovun xorvatiyalı futbolçusu Filip Ozobiçə qarşı aşkar kobudluq etdiyi halda ona qırmızı vərəqə göstərilməməyi idi. Baş hakimin nədənsə buna cəsarəti çatmadı. Ehtiyat hakim isə köməkçi məsələsində dediyimiz kimi baş hakimə yardımçı olmur və nəticədə insident böyüyür. Qriqorçuka ilk öncə şifahi xəbərdarlıq edən Məmmədov növbəti xətasında onu tribunaya göndərir. Bu isə baş məşqçilər arasında xoşagəlməz olayın yaşanması, bir-birilərinin ünvanına qeyri-etik ifadələr işlətmələri ilə bağlı idi. Roman İosifoviç əvvəldən hədəf seçildiyindən "texniki zona"dan qovulan yalnız o olur. Halbuki belə məsəldə ikili yanaşma olmamalı, hər iki baş məşqçi tribunaya göndərilməli idi.
Təbii ki, intizamsızlıq edən baş məşqçini cəzalandırmaq lazımdır. O, komandaya, futbolçularına nümunə olmalıdır. Ancaq baş hakim qərarları vaxtında verməklə hadisələrin böyüməsinin qarşısını almalı, ən əsası, ikili yanaşma sahibi olmamaldır. Necə ola bilər ki, aşkar kobudluğa görə İlqar Ələkbərov heç sarı vərəqə da almasın? AFFA-nın İntizam Komitəsi son iclasında İlqarı 2 oyunluq cəzalandırmaqla Məmmədovun idarəçillyində kobud səhvi ortaya qoydu. Bunu AFFA yox, İnqilab etsəydi, nə Qriqorçuk özündən çıxardı, nə də baş hakimin özü aşağı qiymət alardı.
Son turda Nizaminin açıqlamaları da bir-birinə uyğun gəlmədi. O, matçdan sonra jurnalistlər üçün şok açıqlamalar verərək "od püskürdü"sə, sonradan PFL prezidenti Ramin Musayevə zəng edərək dediklərinə görə peşman olduğununu bildirdi, fikirlərinin çılğın olması ilə izah etdi. Yəni kapitanın əvvəl dediyi sözlərlə sonrakı hərəkəti heç bir-birinə uyğun gəlmədi. Necə deyərlər, bu da tərsəməzbəhdir...