"Əsl derbiyə məxsus maraqlı qarşılaşma oldu. Azarkeşlər oyundan zövq aldılar. Matçın sonunda iki dost komanda arasında qarşıdurma ürəyimizcə olmadı. Ancaq futbolda belə şeylər də olur". Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Qəbələ" ilə oyundan sonra "CBC Sport"a açıqlamasında bildirib. Onun sözlərinə görə, belə gərgin anlar futbolun sevilən bir hissəsidir: "Düşünürəm ki, komandam qələbəyə layiq oyun göstərdi. Bu gün məğlub olsaydıq belə, onlara heç bir iradım olmayacaqdı. Onlar düzgün oynadılar. Hər birimizi, azarkeşlərimizi təbrik edirəm. "Qəbələ"yə də uğurlar arzulayıram. Həqiqətən Avroliqada oynayan iki komandanın ifasında layiqli oyun gördük".
Qurbanov meydandan çıxardığl Reynaldo Silvanın oyunundan narazı qaldığını bildirib: "O, uzunmüddətli zədədən qayıtdıqdan sonra tam hazır deyil. İkinci hissədə gücü bir az oldu və dəyişliklər etdim. Meydana çıxanlardan razı qalıdm. Dino Ndlovu futbolun bəzəyi olan qola son saniyələrdə imza atdı".
Daha sonra baş məşqçi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. O, bunları deyib: "
Özüm birbaşa insident olan yerə getdim. Şahruddin səhvə yol veribsə, cəza olacaq. Ola bilər ki, sevindiyindən əl hərəkəti etsin. Amma qeyri-etik jest edibsə, cəzalanacaq. Komandamda belə bir şey ola bilməz. Amma açığı ondan bu addımı gözləmərəm".
O, hakim idarəçiliyindən danışıb: "Hakimliklə bağlı danışmıram. Ümumiyyətlə onların işinə qiymət vermirəm. Ağır oyunları idarə etmək o qədər də asan deyil. Konkret epizod olsa, cavab verə bilərəm. Amma ümumi epizodlara gəldikdə, qiymət vermək istəmərəm. Son dəqiqələrdə rəqib crimə zərbəsi yerinə yetirəndə istəyirdim oyun bitsin. Çünki 10 nəfərlə qalmışdıq. Bizi əks-hücumda tuta bilərdilər. Həmin anda fikirlər fərqli olur. Qoldan sonra hər kəs meydanda idi. Bu səbəbdən Riçardla Ndlovunun birgə sevinməsinə nəsə deyə bilmərəm. Buraxdığımız qola gəlincə, bu cür epizodlar olur. Daha diqqətli olmaq lazımdır. Ümumi baxsaq, həm Elvini, həm də Şehiçin səhvə yol verdiyini demək olar. Amma konkret kiminsə üstünə getsək, düzgün olmaz. İlk hissə düşündüyümüz kimi alındı. İkinci hissənin əvvəlində isə tempi bir az saxlaya bilmədik. Qarşılıqlı oyun getdi və səhvdən qol buraxdıq. Amma ümumi hər bir futbolçumdan razı qaldım".