Qazaxıstanın "Okjetpes" klubunun Türkiyənin Antalya bölgəsində keçirdiyi məşqində maraqlı olay yaşanıb. Sportnet.az-ın məlumatına görə, Saşa Stamenkoviç xeyli müddətdir çıxış etdiyi komandanın bugünkü səhər məşqinə öz klubunun yox, "Neftçi"nin formasında çıxıb.
32 yaşlı serbiyalı qapıçı uzun illər "ağ-qara" forma geyinib, Azərbaycan çempionu, ölkə kubokunun qalibi olub, Avropa Liqasının qrup mərhələsində iştirak edib.
Göründüyü kimi, Stamenkoviçin "Neftçi"yə sevgisi hələ də böyükdür və keçmiş komandasına böyük dəyər verir. Ancaq istənilən halda, onun məşqə belə formada çıxması peşəkarlıq baxımından doğru deyil.
Ən maraqlısı "Okjetpes"in buna göz yummasıdır. Doğrudanmı, Stamenkoviçə öz komandasının forması tapılmayıb? Bu, heç də inandırıcı görünmür.
Xatırladaq ki, "Okjetpes"də Saşa Stamenkoviçlə "Neftçi"də birgə oynamış yarımmüdafiəçi Samir Məsimovla "Bakı"nın xorvatiyalı sabiq legioneri Mario Xorvat da yer alıb. Bu iki futbolçu Sloveniyanın "Domjale" klubundan gəliblər. "Okjetpes" Azərbaycan hakimlərinin də təlim-məşq toplanışında olduğu "Miracle" otelində məskunlaşıb.