"Maraqlı oyun alındı. Hər bir görüşdə nəticə vacibdir. Bu oyunda da nəticə bizi qane etdi".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışı çərçivəsində Rumıniya "Styaua"sını 2:0 hesabı ilə yendikləri yoxlama matçından sonra deyib.
O, komandasının çıxışından razılıq ifadə edib: "Bu qarşılaşmada yaxşı çıxış etdik. Futbolçular verdiyimiz tapşırıqları yerinə yetirdilər. Bu oyunun qələbə ilə bitməsi də bizim üçün daha faydalı oldu".
Qurbanov oyun ərzində etdiyi məcburi əvəzləmələrə də toxunub: "Rəşad Sadıqov meydanı erkən tərk etsə də, zədəsi ciddi görünmür. Amma yekun durum sabah tibbi müayinədən sonra məlum olacaq. Muarem Muarem isə əvəzlənməyi özü istədi. Ümid edirəm ki, ciddi bir şey yoxdur. Belə oyunlar təhlükəlidir, fiziki yükləmələr bəzən zədələrə səbəb olur. Təlim-məşq toplanışında belə zədələrin olması normaldır".
Qeyd edək ki, Rəşad Sadıqov 15-ci dəqiqədə zədələnərək yerini Elvin Yunuszadəyə verib.