"İnter"in baş məşqçisi Zaur Svanadze Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışı çərçivəsində Rusiya "Orenburq"una qarşı keçirdikləri son yoxlama matçını dəyərləndirib. Sportnet.az-ın məlumatına görə, gürcüstanlı mütəxəssis 1:1 hesablı heç-heçə ilə nəticələnən qarşılaşmada komandasının çıxışından razılıq ifadə edib.
O, iki fərqli hissə oynadıqlarını bildirib: "İlk hissədə az sürətli oynadıq, ancaq qol vurmaq üçün yaxşı vəziyyətlərimiz oldu. Təəssüf ki, həmin anlarda sürətli hərəkət etmədik. İkinci hissədə, ötən oyunlarda olduğu kimi, sürəti artırdıq və oyunumuz alınmağa başladı. Yaxşı qol vəziyyətlərimiz oldu, doğrudur, həmin vəziyyətlərdən yararlana bilmədik. Rəqib komanda, demək olar, qapımıza iki zərbə endirdi, onlardan da biri qol oldu. Həmin qol da cərimə zərbəsindən vuruldu. Buna baxmayaraq, komanda özündə güc taparaq, hesab arasında fərqi aradan götürməyə müvəffəq oldu. Çox yaxşı kombinasiya qurdular və Pərdis Fərcad-Azad hesabı bərabərləşdirdi. Ümumilikdə, komandanın oyunundan razı qaldım".
Svanadze ümumilikdə Türkiyə toplanışını dəyərləndirərkən, komandanın hazırlığından razılıqla danışıb: "Çox yaxşı komandalarla qarşılaşdıq. Yoxlama matçlarının hamısında qalib də gələ bilərdik. Oyunlarda müdafiədə çox yaxşı oynadıq. Hücumlar təşkil edərək, rəqiblərin qapısı önündə təhlükəli vəziyyətlər də yaratmağa müvəffəq olduq. Ümumilikdə, toplanış komanda üçün faydalı oldu. Komandanın çempionatın ikinci yarısına nə qədər hazır olduğunu isə zaman göstərəcək. Bizi sevindirən məqamlardan biri də budur ki, toplanış zamanı heç bir futbolçumuz zədə almadı".
Qeyd edək ki, "İnter" Antalya toplanışı çərçivəsində 4 görüş keçirib. Qazaxıstanın "Ordabası" klubu ilə 0:0, Rumıniyanın "Botoşani" və Rusiyanın "Orenburq" komandaları ilə 1:1 hesablı heç-heçə edən "bankirlər" Tacikistan "İstiqlol"una qalib gəlib - 2:1.