Premyer Liqamızda qış fasiləsi yekunlaşır. Sportnet.az-ın məlumatına görə, sabah cari çempionatının ikinci yarısına start veriləcək. Çempionatımızda cari mövsümdə mübarizə 42 gündən sonra davam edəcək.
Üçüncü dövrənin ilk turunun matçları günlərə bərabər şəkildə bölüşüb. Bu ilin ilk qarşılaşması Qəbələdə olacaq. Çempionluğu oynayan "Qəbələ" Avropa Liqası zonasında olan, bu turnirə vəsiqə uğrunda mübarizə aparan "Sumqayıt"ı qəbul edəcək. Ancaq Samir Abasovun komandası üçün bu rəqiblə səfər oyunundan qələbə ilə qayıtmaq çox çətin olacaq. Axı "gənclik şəhəri"nin təmsilçisi Qəbələdə həmişə uduzub, heç 1 xal da gətirə bilməyib. Sumqayıtlılar cari mövsümdə "Qəbələ"yə evdə də qalib gələ bilməyərək məğlubiyyətdən son sayinələrdə penalti ilə xilas ola bilib.
"İnter"lə "Kəpəz" yenə ilk olaraq paytaxta gğrüşəcəklər. Bu komandaların cari çempionatdakı qarşılaşmalarında hələ ki qalibi müəyyənləşdirmək mümkün olmayıb. Çünki oyunlar bir qayda olaraq heç-heçə nəticələnib. İki aparıcı futbolçusu, millimizin üzvləri Ruslan Abpşovla Ağabala Ramazanovu itirən "İnter" demək olar transferlərə imza atan "Kəpəz"i qonaq edəcək. "Bankirlər" isə FİFA-nın transfer qadağasına görə yeni futbolçulara ala bilmədiyindən əvvəlki heyəti ilə kifayətlənməli olacaq.
"Zirə" - AZAL matçında əsas məqam meydan sahiblərinin yeni baş məşqçisi Ayxan Abbasovun debütüdür. Premyer Liqamızda uzun illər oynayan, "Zirə"nin debüt mövsümündə baş məşqçi Adil Şükürovun köməkçisi olan gənc mütəxəssis bu dəfə özü həmin postda rəsmi debütünü keçirəcək. Rəqibin autsayder AZAL olması, oyunun evdə keçirilməsi zirəlilərin qələbə şansını artırır. Hər halda, Avropa Liqasına çıxmağı qarşısına məqsəd qoyan "Zirə" qalib gələrsə, 4-cü pilləni ələ keçirə bilər. Çünki özündən irəlidə olan "Sumqayıt"la "Kəpəz"in "Qəbələ" və "İnter"lə səfər matçlarında xal itirmək ehtimalı böyükdür.
Sözsüz ki, turun mərkəzi oyunu "Qarabağ" - "Neftçi" qarşılaşmasıdır. Tura məhz bu maraqlı görüşlə yekun vurulacaq. Komandaların durumundan asılı olmayaraq bu tarixi derbi həmişə diqqət mərkəzində olur. Qurban Qurbanov baş məşqçi kimi debüt etdiyi, cari mövsümdə isə autsayder olan rəqibini arxada qalan 2 oyunda asanlıqla, qol buraxmadan məğlub edib. Ancaq "Neftçi" qış fasiləsində transfer bazarında ən fəal klub olub. Elxan Abdullayevin yeniləşən komandasını əsı gücünü məhz son 3 mövsümün çempionu və hazırkı liderlə matçda görəcəyik.
Cari mövsümün ilk yarısında "İnter"də komanda yoldaşı olan Ruslan Abışovla Ağabala Ramazanov bu dəfə ayrı klublara keçdiklərindən rəqib olacaqlar. "Neftçi" ilə "Qarabağ"da qış fasiləsində dəyiş-düyüş də diqqət çəkib. Məlum olduğu kimi, Namiq Ələsgərov "Qarabağö"dan "Neftçi"yə, Elşən Abdullayev isə əks martşturla getdi. Düzdür, Elşən qış toplanışında bərpa prosesi keçdiyindən heyətdən kənarda qalıb.
28 yanvar (şənbə)
15:00. "Qəbələ” – "Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Rəvan Həmzəzadə
Qəbələ. Şəhər stadionu, 15:00
Cari çempionatda keçirilən oyunlar - 2:0, 2:2
17:30. "İnter” – "Kəpəz”
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Akif Əmirəli, Ziya Nəsirov
Bakı. "İnter Arena” stadionu
Cari çempionatda keçirilən oyunlar - 2:2, 0:0
29 yanvar (bazar)
15:00. "Zirə” – AZAL
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Mübariz Haşımov, Vüsal Qənbərov
Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Elvin Əsgərov
Bakı. Zirə İdman Kompleksinin stadionu
Cari çempionatda keçirilən oyunlar - 3:1, 1:1
17:30. "Qarabağ” – "Neftçi”
Hakimlər: Ramil Diniyev, Vaqif Musayev, Mehman Mahmudov, Coşqun Həsənov
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, İnqilab Məmmədov
Bakı. "Azərsun Arena” stadionu
Cari çempionatda keçirilən oyunlar - 3:0, 2:0
Qeyd edək ki, bütün oyunlar "CBC Sport" kanalı vasitəsilə canlı yayımlanacaq.