"Qəbələ"nin braziliyalı legioneri Rafael Santos cərrahiyyə əməliyyatı olunacaq.
Bu haqda Sportnet.az-a klubun həkimi Roman Jolobaylyuk məlumat verib. O, braziliyalı müdafiəçinin xaricə əməliyyata göndərməyə hazırlaşdıqlarını bildirib: "Rafael Türkiyədə təlim-məşq toplanışında son yoxlama oyunlarımızın birində ciddi xəsarət aldı. Bundan sonra onu hərtərəfli müayinə etdik. Məlum oldu ki, diz nahiyəsində meniskindən zədə alıb. Sağalması üçün operativ müdaxilənin olunması məsləhət görülüb. Bunu əməliyyatsız həll etmək mümkün deyil. İndi hansı ölkəyə yollanmaq məsələsi həll olunur".
Ukraynalı mütəxəssis 2 variantın olduğunu söyləyib. Onun sözlərinə görə, Santos ya Almaniyada, ya da İtaliyada əməliyyat olunacaq: "Münhendə belə zədələrin əməliyyatı üzrə ixtisaslaşmış klinika var. Mən onunla hələ Ukraynada işlədiyim vaxtdan əməkdaşlıq edirəm. Bu klinika bütün klubların həkimlərini birləşdirir. Onlar arasında postsovet məkanı təmsilçiləri də var. Biz zədənin görüntülərini Münhenə göndərdik və onlar da əməliyyatın qaçılmaz olduğunu məsləhət gördülər. Digər variant Romadakı klinikadır. O da diz nahiyəsindəki belə zədələrin müalicəsi üzrə məşhurlaşıb. Seçimlə bağlı yekun qərarımızı verəcəyik".
Jolobaylyuk onu da bildirib ki, belə zədələrdən sonra bərpa prosesinə adətən ən azı ayyarım gedir və bundan sonra futbolçu məşqlərə başlaya bilir.
Mehman SÜLEYMANOV