1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Maşallah Əhmədov: Futbolçu, yoxsa insan?
Vüqar MƏMMƏDOV
Ötən əsrin 80-ci illəri idi. "Neftçi” Moskva "Torpedo”sunu qəbul edirdi. 1:0 da irəlidə idi. Səhv etmirəmsə ilk qolu İsgəndər Cavadov vurmuşdu. Amma oyunun sonlarına yaxın "torpedoçular” bakılıları möhkəm sıxmışdılar.
İndiki kimi yadımdadır. Belə hücumlardan növbətisinin qarşısını qapıçı Aleksandr Jidkov alır və topu tutaraq əli ilə meydanın mərkəz xəttinin sol tərəfində dayanan futbolçuya atır. Həmin futbolçu topu qəbul edib sürətlə rəqib qapıya tərəf şığıyır, uzun bir reyd edərək qapıçı ilə təkbətək çıxır və onun ayaqları arasından topu tora salır. Sonra da həmin sürətlə geriyə qaçıb ona tərəf yüyürən Jidkovun qucağına tullanır. Həmin epizod bəlkə də onun ən xöşbəxt anı idi. Bu futbolçu Maşallah Əhmədov idi.
Hadisədən təxminən 30 il sonra, yəni bir neçə gün öncə isə o, bəlkə də ən bədbəxt anı yaşadını. Həbsini nəzərdə tuturam. Türklər demişkən. Nərədən nərəyə…
Xatirimdədir ki, Maşallah karyerasını bitirmişdi. Amma "Neftçi”də lider çatışmazlığı var idi. Bu səbəbdən, onu yenidən komandaya qaytardılar. Qayıdan gün ehtiyat oyunçular skamyasında oturmuşdu. Və ikinci hissədə meydana girdi. O oyuna girəndə "Neftçi” rəqibin qapısı həndəvərində cərimə zərbəsi vururdu. Maşallah birbaşa topa yaxınlaşdı və həmin cərimə zərbəsini qola çevirdi. Elə qayıdışından sonra yaddaqalan hadisə də bu qol oldu.
Sonra 1990-cı illər gəldi. Eşitmişdim ki, onun hansısa metro stansiyasının çıxışında "Neftçi” adında dükanı var. Sorağı da ara-sıra gəlirdi. Futbolumuzu tənqid edirdi. Bir çox keçmiş futbolçular kimi özünün oynadığı dövrdən danışmağı xoşlayırdı. Amma özünəxsus texnikası ilə (bu dəfə düşüncədə) niyə keçmişi xatırladığını əsaslandırırdı: "Maşını qabağa sürəndə güzgüdən arxaya baxırsan, biz də futbolumuzu irəli aparmaq üçün gərək keçmişimizə baxaq".
Daha sonra yeni əsr gəldi. Günlərin bir günü bir nəfərin özünü partlatması xəbəri yayıldı. Məlum oldu ki, həmin adama Maşallah Əhmədov adında biri borclu imiş. Pulunu ala bilmirmiş. Bu səbəbdən də haqq-hesab çəkməyə gedirmiş. Yolda polis duyuq düşür və hadisənin qarşısını almaq istəyir. "Razborka" niyyətli şəxs qumbaranı qarnına sıxaraq özünü partladır. İctımai-siyasi qəzetlərdə adı çəkilən borclu Maşallah Əhmədov, demə, elə həmin Maşallah imiş.
Bax, həlledici məqam buradadır. Bəlkə də həmin an Əhmədov düşünüb ki, canı qurtardı. Amma yox. Sənin günahın üzündən biri həyatını itiribsə, bunun hesabını verməlisən.
Və nəhayət həbs...
Məhkəməsi gedən vaxt ”facebook”da bu hadisənin müzakirəsi idi. Həmin müzakirələri oxuyarkən bir nəfərin şərhi diqqətimi şəkdi. Sonuna gülən "smaylik" qoyulan həmin şərh təxminən bu cür idi: "Texnar oldun belədir də”. Şərh yazan burda Əhmədovun futbolçu kimi topla aldada bilməsini deməklə adamları həyatda da aldatmasına işarə vururdu. Amma futbolçunu aldadanda usta sayılırsan, adamları aldadanda "moşennik”.
Birmənalı müsbət və birmənalı mənfi insan yoxdur həyatda. Yaxşı-pis və ya mənfi-müsbət cəhətləri ilə insandır – insan. Ümumiyyyətlə, bir çoxlarına görə, "yaxşı" və "pis" nisbi anlayışlardır.
Amma biri var futbolçu olasan, biri də var insan. Görəsən, futbolçu olmaq asandır, yoxsa insan?