1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Diniyevi dingildədənlər
Şahin Diniyev komanda üzvlərinin ona torba tikəcəyinə, bəzi gəncəli azarkeşlər isə "Kəpəz”in bu şəxsin başçılığı altında ağ günə çıxacağına inanmırlar. Bax, uğursuzluq belə şeydir. Nahaq yerə deməyiblər ki, qələbənin "atası” çox, məğlubiyyət isə yetim olur...
Yayda "Kəpəz” 14 illik fasilədən sonra avrokuboka vəsiqə qazanıb, mərhələ keçən zaman Diniyevə mədhiyyə deyənlər bu gün onu "topa tuturlar”. Və bu gedişlə Gəncə rəhbərliyi ilə münasibətləri yaxşı olmayan Diniyevin istefa xəbərini eşidəcəyik.
Hə, azarkeş hər zaman haqlıdır. Stadiona gələn insan narazıdırsa, demək ki, səbəb var. Gəncəlilərin bu komandanı üst pillələrdə görmək istəkləri normaldır. "Kəpəz”dən gözlədiklərini ala bilmədikləri üçün narahatlıqlarını dilə gətirirlər. Lakin bəzən "barıt"ın çox olması kələfin ucunun daha uzaqlara getdiyinə dair şübhələrə yol açır.
Məsələn, "Facebook”da "Kepez PFK Fan Club” səhifəsində bu cümlələr yer alıb: "Kubokda mübarizəni erkən dayandırmış "sarı-göylər"ə bundan sonra yalnız fələk kömək edə bilər. Diniyev? Qətiyyən! Gəncə publikası yalan vəd vermək üzrə dünya rekord qırmış baş məşqçiyə artıq inanmır. "Kəpəz" Zirədə dəstəksiz qaldı. Gəncə klubu Premyer Liqaya qayıdışının ikinci ilini keçirir, belə fakt isə ilk dəfə qeyd alınır. Aydın məsələdir ki, Diniyevin yarıtmazlığı "Kəpəz" azarkeşini boğaza yığıb. Klub rəhbərliyi qara görə oyunun məkanını dəyişsə də, bilet almış azarkeşlərə jest etmişdi: Onlar "Zirə" ilə qarşılaşmanı rəqib meydanında izləyə bilərdilər. Bunun üçün həmin biletləri cırıb tullamamaları, özüylə qəsəbə stadionuna gətirmələri lazım idi”.
Əslində isə həmin biletlər "Zirə" ilə səfər oyununda yox, "Kəpəz"in "Qarabağ"la keçirəcəyi növbəti ev oyununda qüvvədə olacaq. Azarkeşlərdən də biletləri məhz 12 fevral qarşılaşmasınadək saxlamaları istənilib.
"Xəmsə" müstəqil fanat klubu isə komandanın bərbad çıxışı, Gəncə şəhər stadionunun, idman bazasının yararsız vəziyyətinin aradan qaldırılması istiqamətində klub rəhbərliyi tərəfindən heç bir addımın atılmaması, "Kəpəz"in faktiki olaraq Bakı klubuna çevrilməsinə etiraz olaraq, komandanın oyunlarını qeyri-müəyyən müddətə boykot etdiyini açıqlayıb...
Diniyevə vəkillik etmək fikrindən uzağıq. Məqsəd sadəcə, reallıqları ön plana çəkməkdir. Fakt budur ki, "Kəpəz”in problemi Diniyev deyil. Onu yalan vədlər verməkdə suçlamaqla, yarıtmaz adlandırmaqla sıxıntılar aradan qalxmayacaq.
Yəqin ki, dünyada ölkənin ikinci ən böyük şəhərinin klubu olub, yalnız oyundan-oyuna ora yollanan başqa bir klub yoxdur. "Xəmsə”nin də dediyini kimi, "Kəpəz” faktiki olaraq, paytaxt klubudur.
Gəncəli azarkeş əlini Şahin bəyin yaxasından çəkib, sevimli komandasını Nizami yurduna aparmaq üçün səy göstərməlidir. Belə olan halda onlar istədikləri "Kəpəz”i görəcəklər. Amma bunun üçün nə lazımdır? Bəli, pul! Gəncədə isə əlini cibinə salmaq istəyən yoxdur. Elə ona görə də şəhər stadionu bərbad, infrastruktur sıfır səviyyəsindədir.
Təsəvvür edin, "Kəpəz”in məşqçiyə ev tutmağa pulu olmadığı üçün Diniyev paytaxtda məşqləri köməkçiləri olmadan keçirdi, onlar Gəncədə qalır, yalnız oyundan-oyuna texniki zonada yer alırdılar. İndi özünüz düşünün, stadionu, bazanı sahmana salmaq bir yana, 2 məşqçiyə Bakıda ev tuta bilməyən klub futbolçuları hansı vəsaitlə Gəncədə yerbəyər edəcək, tələbatlarını qarşılayacaq?
Həqiqətən də AFFA-nın əlina baxan, federasiyadan mədəd uman komanda acınacaqlı durumdadır. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda məşq edib, Premyer Liqada çıxış etmək üçün yalnız babat qarğış yiyəsi olmalısan. Ancaq buna da şükür. Bir ara ona ağız açmaqla, buna xahiş etməklə məşq üçün yer tapırdılar. Qısası, problemlər çoxdur, sadalamaqla bitməz.
Sual isə birdir: hazırkı "Kəpəz” Gəncəyə məxsusdurmu? Bu, həm sualdır, həm də cavab...
Turan SƏFƏRLİ