Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVII tura start verilib. Sportnet.az-ın məlumatına görə, ilk oyun günüdə iki matç baş tutub. Turnir cədvəlinin ilk pilləsində qərarlaşan "Qarabağ” "Zirə”ni, ikinci sıradakı "Qəbələ” isə AZAL-ı qəbul edib.
Turun ilk oyunu Qəbələdə baş tutub. Roman Qriqorçukun rəhbərlik etdiyi kollektiv AZAL komandasını 2:0 hesabı ilə məğlub edib. Görüşdə hər iki qolu Filip Ozobiç vurub. Əcnəbi futbolçu 64-cü dəqiqədə penaltidən hesabı açıb, 90+3-cü dəqiqədə isə qarşılaşmada son nöqtəni qoyub. Bununla da xorvatiyalı yarımmüdafiəçi cari çempionatda vurduğu qolların sayını 9-a çatdırıb və bombardirlik yarışında ilk sıraya yüksəlib. Onun ən yaxın izləyicisi aktivində 7 qol olan komanda yoldaşı Baqali Dabodur.
Günün son matçı isə paytaxtda, "Azərsun Arena”da oynanılıb. Qarşılaşmaya hücumlarla başlayan Ağdam klubu 13-cü dəqiqədə Əfran İsmayılovun sərrast zərbəsi ilə önə keçib. İkinci hissənin başlanğıcında isə Dino Ndlovu adını tabloya yazdırıb. Cənubi afrikalı hücumçunun vurduğu qol oyunda sonucu olub.
Beləliklə, "Qarabağ”la "Qəbələ”nin turnir cədvəlindəki mövqeləri dəyişməz qalıb. Ağdam klubu xalını 39-a, Qəbələ təmsilçisi isə 38-ə yüksəldib. Həmçinin məğlub olan "Zirə” və AZAL komandalarının da turnir cədvəlindəki mövqeyi dəyişməyib. Qəsəbə klubu 21 xalla 4-cü, "təyyarəçilər” isə 8 xalla sonuncu – 8-ci sıradadırlar.
Azərbaycan Premyer Liqası, XVII tur
8 fevral (çərşənbə)
15:00. "Qəbələ” – AZAL - 2:0
Qollar: Filip Ozobiç, 64-penalti ilə; 90+3
Qırmızı vərəqə: Omeqa Alamadine, 63 (AZAL)
Qəbələ şəhər stadionu
İlk 2 dövrədəki oyunlar: 3:0, 0:0
17:30. "Qarabağ” – "Zirə” - 2:0
Qollar: Əfran İsmayılov, 13. Dino Ndlovu, 47
"Azərsun Arena”
İlk 2 dövrədəki oyunlar: 2:0, 2:0