"Neftçi” klubunun baş məşqçisi Elxan Abdullayev Azərbaycan Premyer Liqasının XVII turu çərçivəsində "İnter” üzərində 3:1 hesablı qələbədən sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az-ın məlumatına görə, 46 yaşlı mütəxəssis öncə matçla bağlı fikirlərin bölüşüb.
- Komandamı təbrik edirəm. Bu 3 xal bizə çox lazım idi. Yeni ildən sonrakı ilk iki görüşdə qələbə qazana bilməmişdik. İlk hissədə erkən qol vurduq, amma sonra problemlər oldu. Fasilədən sonra yaxşı oynadıq. Yeni hücumçularımızın qol vurması məni sevindirir. Ancaq bu, o demək deyil ki, bununla dayanaq. Potensialımız var. Daha yaxşı oynaya bilərik. Bunu meydanda nümayiş etdirməli, azarkeşləri sevindirməliyik.
- Bu oyunla 4-cü pilləyə yüksəlmək perspektiviniz nə qədərdi?
- Əvvəlki oyunlarda uşaqlara deyirdim ki, itirilən xallar nə vaxtsa bizə lazım olacaq. Bundan sonra öz oyunumuzu göstərib, qalib gəlməyə çalışacağıq.
- Növbəti turda "Sumqayıt”la qarşılaşacaqsınız...
- "Sumqayıt”a ilk 2 oyunda uduzmuşuq. Bu dəfə qələbə qazanmağa çalışcağıq.
- "Neftçi”nin tamamilə dəyişdiyini söyləmək olar?
- Bəli, çox dəyişib. Özümü tərifləmək üçün demirəm. Komandamız çox dəyişib, fərqi oyun sərgiləyir. Təəssüf ki, mövsümün əvvəlində bu heyətlə oynamırdıq.
- Bugünkü "Neftçi” sizin tam görmək istədiyiniz komandadır?
- Əlbəttə, xeyr. Biz üzərimizdə çox işləməliyik. Heç bir məşqçi tam razı qala bilməz.
- Bu gün limitə görə Maksim Vaylonu oynatdınız. Bu problem nədən qaynaqlanır?
- Bizdə 6 zədəli yerli futbolçu var. Buna görə də Vaylonu qapıya qoymağa məcbur olduq. Baykoviç sözsüz ki, Vaylodan güclüdür, təcrübəlidir. Amma bu o demək deyil ki, həmişə durmalıdır. Vaylo da nə vaxtsa oynamalıdır. Bu gün şans verdik, qol buraxdı. Gəncdir, səhv olmalıdır. onu qınamırıq. Çalışacağıq gələn matçlarda da ona şans verək.
- Kapitanlığı Georgi Novalovskiyə verməyiniz müzakirə olundu. Niyə yerli futbolçulardan biri seçilmədi?
- Niyə kapitan yerli futbolçu olmalıdır ki...
- Mən demirəm ki, olmalıdır. Sadəcə, yerlilər də ola bilərdi...
- Əsas kapitanımız Mahir Şükürovdur. Vitse-kapitanlarımız Cavid İmamverdiyevlə Ruslan Abışov yox idi. Məşqçi korpusumuz ilə kapitanlarla məsləhətləşdik. Buna görə də sarğını ona verdik. Novalovski ilk növbədə təcrübəli futbolçudur. Bundan əlavə, bir müddət oynayıb. Azərbaycan futbolunu, azarkeşləri bilir.