"Asan oyun olmur. AZAL-la qarşılaşma da istisna deyil. Bütün görüşlərdəki kimi yenə ağır və gərgin oyun keçdi. Rəqibimiz hazırda turnir cədvəlinin sonuncu pilləsində qərarlaşsa da, kifayət qədər yaxşı futbol nümayiş etdirdi. Buna baxmayaraq, hesab açılana qədər də qol imkanlarımız oldu. Düşünürəm ki, fərqlənməyimiz üçün hücumların sonunda bir az uğur çatmırdı. Amma komandamızın heyətində xeyli sayda yüksək ustalıq səviyyəsinə malik futbolçular var. Bu da sonda sözünü dedi və 2 qol vura bildik”.
Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin futbolçusu Filip Ozobiç AZAL-a 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XVII tur matçından sonra klubun rəsmi saytına açıqlamasında deyib.
26 yaşlı yarımmüdafiəçi bu qarşılaşmada hər iki qolun müəllifi olub. Nəticədə o, 9 topla bombardirlər siyahısında vahid liderə çevrilib. Digər tərəfdən, Ozobiç "Qəbələ”də ilk dubluna imza atıb. Sonuncu dəfə vətənində "Slaven”in heyətində çıxış edərkən bir oyunda 2 qol vuran orta sahə oyunçusu 1004 gündən sonra dubl rəsmiləşdirib. 2014-cü il mayın 11-də "Zadar” üzərində qələbəyə 2 topla töhfə verən yarımmüdafiəçi dubl və bombardirlik haqda yox, yalnız qarşıdakı matç barədə düşünür: "Hələ "Slaven”də çıxış etdiyim vaxt imza atdığım sonuncu dublu yaxşı xatırlayıram. Amma bu dəfə 2 qol vurmağım, deyil qalib gəlib, bu üç xalı qazanmağımız vacib idi. Dubla imza atmağım, çempionluq və bombardirlik haqda danışmaq istəməzdim. Çünki yalnız qarşıdakı görüşə köklənib, həmin matçı düşünürük. "Zirə” ilə qarşılaşmaya da qələbə üçün çıxacağıq. Səfərdən 3 xalla qayıtmaq istəyirik”.