Mehman SÜLEYMANOV
Premyer Liqamızda daha bir tur arxada qaldı. Bir çox şeylər əvvəlki turlarla müqayisədə eyni oldu. Yəni demək olar eyni mənzərəyə şahid olaraq həftəsonu start götürəcək 19-cu turu gözləyirik.
Qış fasiləsindən sonra olduğu kimi, XVII turda da oyunlar iki gündə keçirildi. Matçların bərabər sayda bölünməsi ilə "CBC Sport” onları rahat şəkildə canlı yayımlayır. Özü də bu turda matçlar hər gündə eyni saatda başladı – 15:00 və 17:30-da.
Hər gün keçirilən oyunlarda eyni nəticə qeydə alındı. Açılış günündə "Qarabağ”la "Qəbələ” 2:0 hesablı qələbyə sevindi. Ertəsi isə "Sumqayıt”la "Neftçi” 3:1 hesablı qalib gəldi. Göründüyü kimi, turun bütün oyunlarda qaliblər 2 top fərqi ilə üstün oldular.
"Qəbələ”də qış fasiləsində sonra 3-cü dəfədir eyni stadionda meydana çıxır. Bu da "Neftçi” ilə səfər matçının yerdəyişməsindən sonra bütün matçlarını Qəbələdə keçirməsi ilə əlaqədardır. Bu 3 turdakı qarşılaşmalarda ilk və ikinci hissədə eyni halın şahidi oluruq. Məsələ ondadır ki, Qəbələdə "Sumqayıt”, "Neftçi” və AZAL-ın iştirakı ilə matçlarda ilk hissədə qol olmadı. Nə "Qəbələ” qol vurub, nə də rəqibinə bu imkanı yaratdı. Qriqorçuk son oyunda cəza üzündən "texniki zona”da olmasa da, nəticə ilə bağlı vəziyyət eyni oldu. Yəni köməkçisi Sənan Qurbanovun "texniki zona”da olduğu matçda məğlubiyyət yaşanmadı. Əksinə, "Qəbələ” növbəti qələbəsinə sevindi.
"Qarabağ”la "Zirə”nin artıq 4-cü görüşündə eyni hesaba şahid olduq. Qurban Qurbanovun komandası yenə 2:0 hesablı qələbəyə sevindi. Ümumiyyətlə, qardaş olmaları haqda söz-söhbətlər böyük müzakirə obyektinə çevrildiyi komandaların matçlarda qalib gəlməyən eyni tərəfdir. Bu, "Zirə”dir. – 6 oyun, 1 heç-heçə, 5 məğlubiyyət.
"Neftçi”nin bunadək son qələbəsi ilə indikini müqayisə etsək, rəqibin eyni olduğunu görərik. Bu, "İnter”dir. Bu, ümumilikdə 7 oyunluq sıralamadır və ortada qalan 5 matçda "ağ-qaralar” qələbə üzünə həsrət qalmışdı. Bunlardan 4-də məğlubiyyət, yalnız 1-də heç-heçə qeydə alınmışdı. Elə "İnter”in də bu müddətdə məğlubiyyətləri eyni rəqibdən – "Neftçi”də alıb. Ümumiyyətlə, Zaur Svanadzenin komandanın bu mövsümdəki hər 2 məğlubiyyəti eyni komanda – həmşəhərliləri ilə duelə təsadüf edir.
"Neftçi” yenə səfər qələbəsini paytaxt derbisində qazandı, yenə həmşəhərliləri ilə oyunda 2 top fərqli qələbəyə sevindi. Startda "AZAL Arena”da AZAL, indi "İnter-Arena”da "İnter” üzərində.
"Kəpəz”də qış fasiləsində eyni mənzərənin şahidi oluduq. Gəncə klubu yenə səfərdə oynayır və yeni inamsız təsir bağışlayaraq uduzur. Yenə Şahin Diniyevin istefası gündəmə gətirilir, yenə bu mütəxəssis postunda qalaraq komandanı indiki çətin vaxtda atıb getməyin düzgün olmadığını bildirir.
Hakimlərlə bağlı da eyni mənzərədir. Qış fasiləsindən sonra hər turda səhvlərə rast gəlirik. Bu dəfə "Qəbələ" - AZAL matçında Daniel Subotiçin əllə oynadığı, ancaq təyin olunmayan penalti epizod böyük müzakirələrə səbəb oldu. Yəni hakimlərlə də bağlı eyni mənzərəni görməkdə davam edirik.