
Azərbaycan Premyer Liqasının XVIII turunda Əliyar Ağayevin idarəçiliyi "Qəbələ" kimi "Zirə"ni da razı salmayıb. Sportnet.az-ın məlumatına görə, zirəlilər 2:2 hesabı ilə nəticələnən oyunla bağlı yaydıqları videoicmalda iki epizodu qabardıblar.
Bunlardan birincisi FİFA referisinin "Qəbələ"nin müdafiəçisi Rasim Ramaldanovun hücumçu Riçard Qadzeyə qarşı qayda pozuntusu kimi qeydə aldığı və ikinci sarı, qırmızı vərəqə göstərdiyi epizoddur. Həmin vaxt hesab 1:1 olub və meydan sahibləri say üstünlüyünə malik olsalar da, qapısında top görüblər. "Zirə" həmin epizodda rəqibin qayda pozuntusuna yol verdiyini və baş hakimin buna göz yumduğuna işarə vurub. Bu da "Qəbələ"nin gürcü legioneri Nika Kvekveskirinin Vüqar Mustafayevin qarşısını dayandırdığı epizoddur. Bu hücum zamanı Cavid Hüseynovun ötürməsini xorvatiyalı komanda yoldaşı Filip Ozobiç qola çevirib.
Xatırladaq ki, "Zirə" son saniyələrdə Qadzenin vurduğu bərabərlik qolu ilə məğlubiyyətədn xilas olub. "Qəbələ"nin narazı qaldığı epizodlar Ramaldanova göstərilən qırmızı vərəqə və həmin qolun vurularkən ofsaydın olmasıdır.