AFFA-nın Klublar Komitəsinin (KK) sədri və "Sumqayıt" klubunun prezidenti Kamran Quliyev qurumun bu gün baş tutan iclasından sonra brifinq keçirib. O, Sportnet.az-ın əməkdaşının da suallarını cavablandırıb.
- AFFA Hakimlər Komitəsinin sədrinin və ya onların nümayəndəsinin KK iclaslarına qatılması və hakim səhvlərinə dair hesabat vermələri müzakirə olundu?
- Bəli, bu məsələ ilə bağlı klublar öz mövqelərini bildirdilər. Müxtəlif fikirlər səsləndi. Narahatlıq hissi ilə danışanlar da oldu. Hakimlik məsələsi bugünkü iclasın gündəliyində deyildi. Lakin demək olar ki, hər iclasda hakimliklə bağlı danışılır. Onların nümayəndələrinin dəvət edilmələrinə gəlincə, gələcəkdə buna lüzum görülərsə, belə bir tövsiyyə ilə çıxış edə bilərik. Klublar özləri də fərdi şəkildə AFFA-ya müraciət edə bilələr.
- Premyer Liqa klublarından yarısının təbii ot örtüyü yoxdur. Bu məsələ digər 4 klubu narahat edir. Çünki süni örtükdə zədə almaq ehtimalı böyükdür. Bu barədə söhbət oldu?
- Süni örtük və zədə ilə bağlı ötən iclasda danışmışqdıq. Bu dəfə həmin mövzuya toxunan olmadı. Bütün klubların təbii örtükdə oynamasını hamımız istərik. Lakin komandaların həmin meydançalarda həftə ərzində məşq etməsi üçün bütün klublarda imkan yoxdur. "Neftçi", "Qəbələ" və "Qarabağ"ın şəraiti yaxşıdır. Digərlərinin isə hazırkı anda imkanları yetərli deyil. Sizə bir misal çəkim. Bu mövsüm bizim 2 futbolçumuz ciddi zədə alıb, xaçvari bağları qopub. Hər ikisi də Antalyada təlim-məşq toplanışında, təbii örtükdə olub. Bizim futbolçular süni meydançaya öyrəşib. Əlbəttə, futbol üçün təbii qazon yararlıdır.
- "Kapital Bank Arena"nın ot örtüyü süni olsa da, yaxşı vəziyyətdədir. Lakin azarkeş tutumu baxımından problem var. "Sumqayıt" klubunun yeni mövsümdə ev oyunlarını Mehdi Hüseynzadə adına şəhər stadionunda keçirməsi nə dərəcədə realdır?
- Biz də bunu istəyərdik. Özünüz də bilirsiniz ki, son il yarım ərzində ciddi dəyişikliklər olub. Bu dəyişikliklərin bizim futbol təsərrüfatına da təsiri olacağına inanmaq istərdim. Bu, məndən asılı olan məsələ deyil. Çünki stadion şəhər İcra Hakimiyyətinin balansındadır.
- AFFA Hakimlər Komitəsinin sədri vəzifəsinə əcnəbi mütəxəssisin gətirilməsi məsələsi qapanıb?
- Bu gün klublar hakimliklə bağlı şikayətlərini fərdi şəkildə AFFA-ya bildirirlər. Problem var, biz bilirik. Lakin siz dediyiniz məsələ müzakirə olunmayıb.
- "CBC Sport"un Premyer Liqanının yayım hüququna görə klublara ödəniş məsələsi hələ də açıqdır. Bu barədə nəsə yenilik var?
- Bəli, məsələ hələ də açıq qalıb. Necə deyərlər, top hazırda "CBC Sport" tərəfdədir. Bizə ötən il bildirilmişdi ki, "CBC Sport" çemionat oyunlarını yayımlayacaq və bunun müqabilində hər kluba 70 min manat ödəniləcək. Hələ bu məsələnin axırına çıxmamışıq.
- Yəqin ki, "CBC Sport"un pulu yoxdur...
- Onların əvəzinə danışa bilmərəm. Amma bir məqamı deyim. Biz 2011-ci ildə oyunlarımızın yayınlanması üçün pul verirdik. Üstəlik, keyfiyyətdən danışmağa dəyməz. Biz də maraqlıyıq ki, yayım hüququna görə pul alaq. Forma və bilet satışından vəsait əldə edək. Ancaq reallığa baxaq. "CBC Sport" işinin öhdəsindən yaxşı gəlir. Oyunlar çox yüksək səviyyədə yayımlanır. Əlbəttə, 70 min az pul deyil, 1 futbolçunun illik maaşıdır.
- "Sumqayıt" avrokuboka vəsiqə qazanarsa, heyətə əcnəbi futbolçuların cəlb olunması mümkündür?
- Vəsiqə qazansaq, ola bilər. İndidən nəsə deməkdə çətinlik çəkirəm. Hazırda Sumqayıtı təmsil edirik. Avrokuboka düşsək, müəyyən dövr üçün strategiyamızda dəyişiklik ola bilər. Leginoerlərin heyətə cəb olunmasına dair qadağamız yoxdur. Bu, qadağa deyil, siyasətdir.