Sabah Azərbaycan Premyer Liqasında XIX tura start veriləcək. Sportnet.az-ın məlumatına görə, ilk oyun günündə hər 2 matç paytaxtda, ertəsi qarşılaşmalar Bakıdan kənarda olacaq.
Açılış matçı "İnter Arena"da olacaq. "İnter"lə "Zirə" bu çempionatda hər 2 görüşündə 1:1 heç-heçə ediblər. "İnter"ə qızıl medallar, "Zirə"yə isə Avropa Liqasında uğrunda mübarizədən aralı düşməmək üçün qələbə lazımdır. Zirəlilər səfərdə o qədər də uğurlu çıxış etmirlər və xallarının çoxu öz meydanında qazanırlar. Komandanın baş məşqçi postuna qış fasiləsindən sonra keçən Ayxan Abbasov futbolçu karyerası dövründə "İnter"də oynayıb.
Hələ ilk milli çempionatdan - 1992-ci ildən rəqib olan "Neftçi" ilə "Kəpəz" tarixi derbinin iştirakçısı olacaqlar. "Ağ-qaralar" qış fasiləsindən yüksəlişdədirlərsə, son 2 oyunda meydanı qalib tərk ediblərsə, Gəncə təmsilçisi bu il keçirdiyi hər 4 matçda uduzub. Bu mənada Şahin Diniyevin komandası üçün dönüş nöqtəsi məhz qarşıdakı görüş olmalıdır. "Neftçi" ötən turda qazandığı qələbə sayəsində uzun fasilədən sonra 7-ci pilləni tərk edərək bunu "Kəpəz"ə təhvil verib.
Avropa Liqasına düşməyə əsas namizədlərdən olan "Sumqayıt" son pillənin sahibi AZAL-ı qəbul edəcək. Ancaq Samir Abasovun komandası autsayderlə bu mövsüm hər 2 matçda 1:1 hesablı heç-heçə edərək vacib 4 xal itirib. Qış fasiləsində "Sumqayıt"ın imtina etdiyi millimizin sabiq hücumçusu Vaqif Cavadov məhz AZAL-a keçib və artıq sifariş edildiyindən yeni komandasında debütü məhz sabiq klubuna qarşı olacağı gözlənilir. Bu mənada Cavadov üçün matç onu bəyənməyən keçmiş baş məşqçisinə özünü sübut mənasında yaxşı imkan olacaq.
Təbii ki, turun mərkəzi oyunu Qəbələdə olacaq. XIX tura yekun vuracaq matçda Premyer Liqanın liderləri - "Qarabağ"la "Qəbələ" qarşılaşacaq. Bu, çempionlqu mübarizəsində 3 yox, 6 xallıq qarşılaşma olacaq.
Qurban Qurbanovun komandası rəqibini 3 xal qabaqlayır. Deməli, səfərdə heç-heçə həmin xal fərqini qoruyub saxlayacaq. Ancaq digər tərəfdən, qələbə fərqi 6-ya artıracaq ki, bu da çempionluq mübarizəsində böyük üstünlük demək olacaq. Hər halda, sona elə də çox tur qalmayıb - 9 tur. "Qəbələ" ilk dövrədə olduğu kimi, "Qarabağ"ı evdə yenərsə, ona çatacaq. Şəxsi oyunlarda üstünlük Roman Qriqorçukun komandasını zirvəyə yüksəldəcək.
18 fevral (şənbə)
15:30. "İnter” – "Zirə”
Hakimlər: Orxan Məmmədov, Vaqif Musayev, Akif Əmirəli, Ziya Nəsirov
AFFA nümayəndəsi: Arif Fərəcov
Hakim-inspektor: Kərim Ağayev
Bakı. "İnter Arena” stadionu
Cari çempionatdakı oyunlar - 1:1, 1:1
18:00. "Neftçi” – "Kəpəz”
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Rahil Ramazanov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Füzuli Nəcəfov
Bakı. "Bakcell Arena” stadionu
Cari çempionatdakı oyunlar - 2:0, 0:2
19 fevral (bazar)
15:00. "Sumqayıt” – AZAL
Hakimlər: Rəhim Həsənov, Mehman Mahmudov, Cəmil Quliyev, Elvin Əsgərov
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Asim Xudiyev
Sumqayıt. "Kapital Bank Arena" stadionu
Cari çempionatdakı oyunlar - 1:1, 1:1
17:30. "Qəbələ” – "Qarabağ”
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Azər Əsgərov, Ömər Paşayev
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Əli Hüseynov
Qəbələ. Şəhər stadionu
Cari çempionatdakı oyunlar - 2:0, 2:1