"Neftçi"nin vitse-kapitanı Cavid İmamverdiyev Azərbaycan Premyer Liqasında "Kəpəz"lə qolsuz bərabərliklə nəticələnən ev oyunundan sonra brifinq keçirib. Zədələnən Ruslan Abışovu əvəzləyərək ondan kapitanlıq sarğısını təhvil alan təcrübəli yarımmüdafiəçi Sportnet.az-ın matçda olan əməkdaşının da suallarını cavablandırıb...
- İlk olaraq qarşılaşma haqda danışardın...
- Çox yaxşı oyun getdi. Fikrimcə, bu gün biz qələbəyə layiq idik. "Kəpəz"in də haqqını yemək olmaz. Onlar da yaxşı mübarizə apardılar. Ancaq düşünürəm ki, qələbə bizim olmalı idi. Gördüyünüz kimi, neçə qol imkanımız oldu, ancaq istifadə edə bilmədik. İlk hissədə "Kəpəz"ın qapısına penalti vardı. Ancaq hakim vermədi. Bu hesab ədalətli nəticə deyildi.
- Artıq neçəndi dəfədir hakimlər "Neftçi"yə qarşı səhvləri edirlər. Səncə, niyə penalti vermirlər: Görmürlər, yoxsa görmək istəmirlər?
- Mən bu haqda ümumiyyətlə, heç nə danışmaq istəmirəm.
- Çünki penalti epizodu hakimin gözü qabağında oldu...
- Hər şey göz qabağındadır. Xalqın gözü tərəzidir, hər şeyi görür. Mən heç nə danışmaq istəmirəm.
- Hakimlik məsələsi həll olunmayacaq, danışmağın xeyri yoxdur deyə fikir bildirmək istəmirsən, yoxsa?
- Yox. Sadəcə, hakimlik haqda danışmaq istəmirəm.
- Bəlkə siz danışmasanız, səhvlər yenə davam edəcək?
- Mən danışmayacağam, bizim rəhbərlik var. Bu işə onlar baxır. Mənlik deyil.
- "Neftçi" qış fasiləsindən sonra digər oyunlara baxanda zəif oynadı. Sən də sonradan meydana çıxdın...
- İki matçdır oynamırdım, bir az çətin idi. Çünki Ruslan Abışov birdən-birə zədə aldığından, isinməmiş oyuna girməli oldum. Ancaq fikirləşmirəm ki, zəif oynadım. Komandamız haqda da bunu düşünmürəm. Məncə, çox yaxşı oyun göstərdik. Neçə qol imkanımız oldu. Zəif oynamaq odur ki, şansların olmur. Komanda zəif oynasaydı, bu qədər qol vəziyyətləri yarana bilməzdi.
- Digər oyunlara baxanda nisbətən...
- Düzdür, ancaq yenə də fikirləşirəm ki, komanda bu gün yaxşı idi. Fikrimcə, ədalətsiz nəticə oldu. Ədalətli olardı ki, biz qalib gələrdik. "Kəpəz"ə də uğurlar arzulayıram.
- Bu gün şansınız vardı, "Zirə" də xal itirdiyindən, ona yaxınlaşa bilərdiniz...
- Elədir, ancaq nə etmək olar. Futboldur bu.
- İkinci hissədə "Kəpəz"in qapısı qarşıısnda olan epizodda topun xətti keçib-keçməməsi müzakirə olundu. Sən necə düşünürsən?
- Mən həmin epizodu görə bilmədim. Qapıya zərbə vurdum və yıxıldım. Yəqin ki, videotəkrara baxıb fikir bildirəcəyik.
- Komanda yoldaşların arasında həmin epizod müzakirə olundumu? Nə fikir bildirildi?
- Həmin epizodu görən olmayıb. Çünki qarışıqlıq idi. Ancaq fikrimcə, penalti təmiz idi. Oyunun 13-14-cü dəqiqəsində Zdenek Folprextə qarşı qayda pozuntusu vardı. Çünki top onun ayağından çıxdı, rəqib düz ayağına getdi. Özü də iki ayaq birdən.
- Demək olarmı ki, hazırkı "Neftçi" sırf legionerlərdən asılıdır? Çünki komandada faktiki lider yerli futbolçu yoxdur...
- Belə düşünməzdim. Düzdür, yaxşı legionerlərimiz var. Onlar səviyyəli futbolçulardır. Ancaq elə fikirləşmirəm ki, yerlilər kölgədə qalıblar. O qədər azərbaycanlı futbolçumuz var ki...
- Onlar komandanı arxasınca lider kimi daşıyacaq, oyunu dəyişəcək gücdədirlərmi?
- Bizdə elə şey yoxdur ki, fərq qoyulsun.
- Məsələn, yerlilərdən kim var ki, qeyd edə biləsən?
- Rəhman Hacıyev olsun, mən olum, Namiq Ələsgərov olsun. Keçən oyunda - "Sumqayıt"la matçda fakt gördünüz ki, Namiq meydanda lider idi. Yalnız qol vura bilmədi. Başqa bütün komponentlərdə üstün idi.
- Rəhman Hacıyev artıq ehtiyata düşüb. Neçə ildir "Neftçi"də oynayan sənlə Mahir Şükürov əsas heyətdən kənarda qalırsınız. Belə təcrübəli futbolçular legionerlərin kölgəsindədirlər...
- Bu, baş məşqçinin qərarıdır. İstəyər oynadar, istəyər ehtiyatda saxlayar. Bizdə belə bir şey yoxdur ki, küsək. Baş məşqçimiz Elxan Abdullayevin gözəl sözü var: "Ehtiyatda oturan o demək deyil ki, zəifdir. Sadəcə, belə məsləhətdir". Baş məqşçimiz, rəhbərlik belə məsləhət görürsə, elə də olmalıdır. Ehtiyatda qalan hər zaman hazır olmalıdır ki, şansını gözləyərək oynasın.
- Adətən ehtiyada olan futbolçular futbolçular baş məşqçidən narazılıqlarını sözarası ifadə edirlər. Ancaq sən əksinə, əsas heyətdən kənarda qalsan belə, baş məşqçi Elxan Abdullayev haqda çox yüksək fikirdə olduğunu neçə dəfədir açıqlayırsan...
- Bilirsən, niyə? Peşəkar futbolçu fikirləşməməlidir ki, mən ehtiyatdayamsa, kimdənsə zəifəm. Sən hər dəqiqə şansını gözləməlisən. Bu, baş məşqçinin qərarıdır. Sən etiraz edəcəksənsə, onda gəl, baş məşqçinin yerində işlə də. Baş məşqçi belə qərar verirsə, deməli, belə də olmalıdır. İkinci bir söz ola bilməz. Ola bilər ki, yenə üç oyuna buraxmasın, ancaq yenə sakitcə oturacağam.