"Zədəli müdafiəçilərimiz Rafael Santosla Vitali Vernidub düşərgəmizdə deyillər. Onlar Azərbaycandan kənarda müalicələrini davam etdirirlər və bu ayın sonunadək dönüşləri nəzərdə tutulub. Hər ikisinin qayıdışını gözləyirik".
Bunu Sportnet.az-a açıqlamasında "Qəbələ"nin həkimi Roman Jolobaylyuk bildirib.
Onun sözlərinə görə, braziliyalı Rafael Santosla ukraynalı Vitali Vernidub komandadan ayrı düşmələrinə baxmayaraq müalicələrinin gedişi haqda mütəmadi məlumat alır: "Rafael menisk zədəsi ilə bağlı İtaliyada tanış həkimlərin yanına məsləhətə yollanmışdı. Həmin vaxt Veronaya gedən Santos bu dəfə Romaya üz tutub. Ona İtaliya paytaxtında məşhur klinikada iynə müalicəsini yekunlaşdırmaq lazımdır. Sonuncu prosedur fevralın 23-də olacaq və futbolçu bundan sonra geri qayıdacaq. Həmin vaxt Rafaeli müayinə etdirib məşqlərə başlamasına çalışacağıq. Ümid edirəm ki, istədiyimiz kimi olacaq və əməliyyata ehtiyac yaranmayacaq".
Ukraynalı həkim həmyerlisinin vətənində olduğunu söyləyib: "Məlum olduğu kimi, Vernidubun AZAL-la oyunda sümüyü sındığına görə ayağına gips qoyulub. Onun belə vəziyyətdə düşərgədə olmasına lüzum yox idi. Üstəlik, ailəsi Ukraynadadır və özü də hazırda onların yanındadır. Rafael kimi Vitali də fevralın 25-də sıralarımızda olacaq. Həmin vaxt gipsini açaraq ayağını yenidən kompyuter tomoqrafiyasından keçirəcəyik. Sümüyü bitişibsə, bir daha gips qoyulmasına ehtiyac olmayacaq və o da yavaş-yavaş məşqlərə başlaya biləcək".
Xatırladaq ki, bu iki mərkəz müdafiəçisinin zədələnməsi, qış fasləsində heyətə cəlb olunan Rasim Ramaldanovun elə debüt matçında qırmızı vərəqə alaraq cəzalı duruma düşməsi "Qəbələ"nin baş məşqçisi Roiman Qriqorçuku son turda "Qarabağ"la matçda çətin vəziyyət qoyub. Ukraynalı mütəxəssis mərkəz müdafiəçisi mövqeyində məcburiyyətdən mərkəz yarımmüdafiəçisi Rəşad Sadiqovu oynatmalı olub.
Mehman SÜLEYMANOV