Sportnet.az saytı AFFA yanında Media Komitəsinin qalib elan etdiyi "Uşaq futbolu: problemləri necə aradan qaldırmalı?" istiqaməti üzrə silsilə yazılarını davam etdirir. Doqquzuncu məqalədəki mövzumuz transfer düyünüdür. Pioritet məsələ isə təzminat ödəyə bilməyənlərin üzləşdikləri çətinliklərdir.
Müasir futbolda transfer yaşı zamanla daha da azalmaqdadır. İndi elə bir dövrdəyik ki, 19 yaşlı Kilian Mbappe Çempionlar Liqasında rekordları sıralayır, dəyəri 100 milyon avro ilə ölçülür. Bu gün top-klublar Usman Dembele üçün kisənin ağzını açmaqdan ötrü sıraya düzülüblər. Bu cür misallar çoxdur və belə vəziyyətdə bir çox klubların istedadlı futbolçulara artıq uşaq yaşlarından qiymət oxuması reallığı əks etdirir.
Transfer düyününü çözəcək işlək mexanizm yoxdur
Azərbaycanda futbol sektorundakı reallıqlar isə bir qədər fərqlidir. Bizdə hələlik nə elə istedadlar var, nə da azyaşlıların transferi üçün böyük məbləğdə pul xərcləmək istəyən klublar. Ümumiyyətlə, hazırda təzminat qarşılığında oyunçu götürən 3-5 klub var. Onlar isə bir futbolçu üçün maksimum 3 min manat ödəyərlər, ya yox.
Təəssüf ki, ölkəmizdə həvəskar futbolçu müqaviləsi olan uşaqların transferi üçün işlək mexanizm yoxdur. AFFA İcraiyyə Komitəsi illər öncə qərar qəbul edib: 16 yaşadək futbolçu çıxış etdiyi klubu və ya futbol məktəbini dəyişərsə, həmin uşağın məşqçisinə minimum 1000 manat məbləğində təzminat ödənilməlidir.
İndi oxuduğunuz bəzək-düzəkli cümlədən başqa bir şey deyil. Bu qaydaya nəinki riayət edilmir, onun mövcudluğu belə yada düşmür.
Transfer məsələlərində mübahisəli məsələlərin yaranmasının səbəbi klubların qeyri-peşəkarlığı və valideyn məsuliyyətsizliyindən irəli gəlir. Çünki müqavilə bağlanan zaman müəyyən nöqsanlara yol verilir ki, buda gələcəkdə fəsadlara yol açır.
Qaydalara görə, hansısa futbolçunun xidmətində maraqlı olan klub onun müqavilə ilə məxsusu olduğu kluba və ya uşaq futbol məktəbinə rəsmi şəkildə müraciət etməli, təzminat məsələsində razılıq əldə olunduqdan sonra transfer həyata keçirilməlidir. Lakin işini qaydalar çərçivəsində görənlərin sayı olduqca azdır.
Hazırda klublara hansısa futbolçunu heyətə cəlb etmək üçün onun məxsus olduğu klub və ya futbol məktəbinin qapısını döymək sərf etmir. Çünki belə olan halda onlara 3-5 min manat "oxuyurlar”. Ona görə də klub birbaşa uşağın valideyni ilə təmasa keçərək, işi ucuz həll edir. Necə? Valideynə 500-1000 manat arasında pul verir ki, get, uşağın "otkripleniya”sın özün al. Burada isə əsl məzhəkə başlayır.
Bəzi valideynlər həmin pulu öz ciblərinə qoyub, övladını yetişdirən klubun qapısını kəsib, səs-küy salır və təmənnasız buraxılmasına çalışırlar. Kimisi buna nail olur, kimisi isə yox. Hədə-qorxu ilə məsələni həll edə bilməyənlər klubdan aldıqları 500-1000 manatı verib, tələb olunan sənədi əldə edirlər.
Təzminat oyunçunu yetişdirən klubun və ya futbol məktəbinin haqqıdır
Transfer məsələsində yanaşma birmənalıdır: futbolçunu yetişdirən klub və ya məktəb təzminat almalıdır. Bu, onun haqqı, əziyyətinin qarşılığıdır. Əgər klub üzərində düşən öhdəçiliyi (təlim-məşq toplanışlarının keçirilməsi üçün normal şərait yaratmaq, tibbi baxışların keçirilməsini, eləcə də yarışlarda iştirakını təmin etmək, müvafiq idman geyimi, idman avadanlığı, inventarı, digər material-texniki vasitələri ilə təmin etmək və habelə onları normal istifadə etmək üçün lazım olan vəziyyətdə saxlamaq və s.) yerinə yetiribsə, niyə oyunçunun başqa yerə təmənnasız keçidinə şərait yaratmalıdır ki?
Lakin transfer məsələsində bəzi həssas məsələlər də var. Məsələn, bir ailə Lənkarandan Bakıya və ya əksinə köçməli olur. Belə olan halda onların futbolla məşğul olan, lakin xüsusi istedadı ilə seçilməyən övladları problemlə üzləşir: gedəcəyi yerdə heç bir klub onun üçün təzminat ödəmək istəmir, ailənin isə şəxsi vəsaiti hesabına "otrkipleniya” almaq imkanı yoxdur. Belədə uşaq karyerasını başlamamış bitirmək məcburiyyətində qalır.
Düzdür, bəzi klublar yeni yaşayış yerindən arayış təqdim edənlərə güzəştə gedirlər. Lakin iki ayağını bir başmağa dirəyib, valideyndən pul tələb edənlər də olur. Söhbət məsələn, Abşeron və ya Bakı ərazisində yerdəyişmədən gedirsə, burada arayışla işi yoluna qoymaq ehtimalı daha azdır.
Etiraf edək ki, 9-10 yaşlı bir uşağın təkbaşına Bayıldan Suraxanıya və ya Şüvəlandan Sumqayıta məşqə gedib-gəlməsi bir qədət çətin məsələdir. Buna hər valideyn razı olmur. Ona görə də, futbolçunun qanuni nümayəndələrinə klubla müqavilə bağlayan zaman yaşayış yerinin dəyişdiriləcəyi halda, müqaviləyə xitam verilməsinə dair bənd əlavə olunmasını tələb etmələrini məsləhət görürük.
"Valideynlər özləri müqavilə şərtlərini pozurlar”
Övladının "otkripleniya”sını ala bilməyənlərin üz tutduğu yer AFFA-dır. Mütəmadi olaraq, quruma valideynlər tərəfindən müxtəlif səpkili şikayət ərizələri daxil olur. AFFA-nın hüquq və kadrlar şöbəsinin rəisi Rəmiş Malıyev deyir ki, bütün ərizələr araşdırılır və qaydalar çərçivəsində qərar qəbul olunur. Onun sözlərinə görə, transfer zamanı yaranan mübahisəli məsələlərin əksəriyyətində haqsız tərəf valideynlərdir: "Əksər hallarda valideynlər özləri müqavilə şərtlərini pozurlar. Sözləşmə varsa, buna uyğun da hərəkət edilməlidir. Burada qaydalar keçərlidir. Bəzən baxırsan ki, məşqçi bir klubdan digərinə gedir, valideyin də gəlir ki, uşağımı onunla aparıram. Belə olmaz, axı. Futbolçunun müqaviləsu məşqçi ilə deyil, klubladır. Təəssüf ki, müqaviləni udunub, daha yaxşı şərtlər kimdədirsə, ora aparmaq istəyirlər. Hər bir valideynin qayğılarını, problemlərini nəzərə alsaq, onda heç nə yolunda getməz. Yəni, bu cür yanaşma düzgün deyil. Problemli məsələlər qanun çərçivəsində həllini tapmalıdır”.
"Hər uşağa görə 5 min manat istəyirlər”
Bakı "İnter”inin Uşaq-Gənclər Futbol Məktəbinin (UGFM) direktoru Rövşən Babayevlə söhbətimizdə daha çox transfer zamanı klubların üzşləşdiyi problemlərdən söhbət açdıq. Onun sözlərinə görə, fərdi şəkildə yaradılan həvəskar klublar və futbol məktəbləri oyunçu satışından yüksək gəlir əldə etmək istəyirlər vu bu da uşaqların böyük futbola gedən yolda qarşılarında duran ən böyük əngəllərdən biridir: "İmkanlı bir şəxs klub yaradıb, peçat əldə edir və başlayır uşaqlarla müqavilə bağlamağa. Onlarla 14 yaşa qədər məşğul olurlar, yekunda heç bir nəticə əldə edilmir. Biz həmin uşaqları klub dəvət etmək istəyəndə böyük çətinliklə üzləşirik. Maraqlı bir vəziyyət yaranır: hər uşağa görə 5 min manat istəyirlər. Həmin fərdi şəkildə yaradılan məktəblərdə 2-3 yaş qrupu olur. Soruşuram ki, bundan sonra nə edəcəksən? Premyer Liqa və ya I divizionda çıxış edən, əvəzedicilərin çempionatında yarışan komandan yoxdursa, bu uşaqların axırı necə olacaq? "İnter” peşəkar, sözünü deyən klublardan biridir. Uşaqların peşəkar futbolçu kimi üzə çıxarılması, özünü doğrultmasının yolu məhz bu cür klublardan keçir. Başa düşürəm, futbolçu ilə müqavilələri var. Lakin əksəriyyəti həmin müqaviləyə görə üzərilərinə düşən öhdəlikləri yerinə yetirmirlər. Maraqlıdır ki, valideynlər də həmin adamlara inanırlar. Açığı, onları da anlamaq olmur. Övladlarının gələcəyini görə və ona düzgün yön verə bilmirlər. Hazırda istedadlı uşaqlar çoxdur. Lakin biz bu potensialdan tam yararlana bilmirik. Səbəb isə valideynlərin həvəskar futbol məktəblərinə meyl salmalarıdır. Həmin futbol məktəblərinin heç bir kökü, perspektivi yoxdur, lakin əllərində müqavilələri var”.
"Həvəskar klublarda heç bir perspektivdən söhbət gedə bilməz"
R.Babayevin fikrincə, valideynlər övladlarını futbola yazdırarkən diqqətli olmalıdırlar və peşəkar klubların akademiyalarına üstünlük verməlidirlər: "Maraqlıdır ki, valideynlər həmin futbol məktəblərinə aylıq pul da ödəyirlər. Bizdə pulsuzdur, üstəlik, peşəkar klubdur. Gəl ki, bunu başa düşmürlər. Deyirlər ki, pulsuzdursa, onda sizin iş əmsalınız çox aşağıdır. Bu mentaliteti, yanaşma tərzini başa düşmürəm. Aylıq pul vermək şərti ilə uşaqların futbola yazdırırlar, 10-12 yaşından sonra isə it-bat olur. Çünki həmin həvəskar klublarda heç bir perspektivdən söhbət gedə bilməz. İlk növbədə məsuliyyət valideynlərin üzərinə düşür. Onlar uşaqların həmin həvəskar klublara aparmamalıdırlar. Digər tərəfədən, kimə gəldi uşaqlarla həvəskar futbolçu müqaviləsi bağlamağa icazə verilməməlidir. Yəni, bu iş bu qədər əlçatan olmamalıdır. Həmin klublardan tələb olunmalıdır ki, futbolçunu bəlli bir yaşa qədər yetişdirdikdən sonra hara yönləndirəcəklər. Bir özək göstərməlidirlər.
UGFM rəhbərinin sözlərinə görə, əksər valideynlər övladlarını yaşadıqları ünvana yaxın olan futbol məktəblərinə yazdırırlar: "Həm uşaqlarının gələcəkdə futbolçu olmasını istəyirlər, həm də ən yaxın məktəb hansıdırsa, ora aparırlar. Ən yaxına yox, ən yaxşı futbol məktəblərinə müraciət etmək lazımdır. İstedadlı uşaqlar peşəkar klublarda məşq etməlidirlər. Onları başa düşürəm, övladlarının məşq üçün uzun yol qət etməsini istəmirlər. Ancaq yaxınlıqda olan bütün klublara da bel bağlamaq olmaz”.
"Camaatın balası niyə bədbəxt olmalıdır?”
R.Babayev təklif edir ki, transfer düyününün çözülməsi üçün işlək mexanizm qurulmalıdır: "Peşəkar klublarla vəziyyət elə də çətin deyil. Sivil yolla danışıq aparmaq mümkündür. Bu gün transfer məsələsində hər şey təzminatın üzərində qurulub. Bu da normal haldır. Uşağın yetişməsində əziyyət çəkən məşqçi haqqını almalıdır. Lakin yaxşı olar ki, vahid bir rəqəm müəyyənləşdirilsin. Məsələn, 2 min manat olsun. Səkkiz yaxşlı uşaq üçün 5 min manat təzminat olar? Bu, real qiymət deyil, axı. Başa düşürəm, xarici ölkələrdə vəziyyət fərqlidir. Bəzən uşaqları çox böyük məbləğlərə satırlar. Lakin Azərbaycandakı reallıqları da nəzərə almaq lazımdır. Camaatın balası niyə bədbəxt olmalıdır? Bu transfer düyünü öz həllini tapmalıdır. Nəsə bir işlək mexanizm qurulmalıdır”.
Şamo Quliyev
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir