Azərbaycan Premyer Liqasının 5-ci turunda keçirilən "Qarabağ" - "Kəpəz" oyunundan sonra meydan sahiblərinin yeni transferi Pedro Enrike brifinq keçirib. Sportnet.az-ın məlumatına görə, futbolçu jurnalistlərin suallarını cavablandırıb.
- Əvvəlcə Azərbaycan çempionatındakı debütün haqda...
- İlk öncə qələbəyə görə çox sevincliyəm. Daha gözəl, daha keyfiyyətli oyundan öncə qələbə vacibdir. Artırmalı olduğumuz çox şey var. Ümumilikdə sevincliyəm.
- Bu qədər az azarkeş görəndə təəccüblənmədin? Nəzərə alaq ki, Yunanıstan kimi çılğın azarkeşlərin olduğu çempionatdan gəlmisənş...
- Etiraf edim ki, azarkeş baxımından Azərbaycan çempionatı ilə Yunanıstan çempionatı arasında fərq var. Amma bir şey də var ki, mən PAOK-a yeni gələndə bu klubun azarkeşlə bağlı cəzası var idi və iki oyun azarkeşsiz tribunalar önündə oynamışdım. Həm düşünürəm ki, azarkeşin olub-olmaması bizim səviyyəmizin düşməsinə təsir etməməlidir.
- Komandaya, ölkəmizə uyğunlaşma dövrün necə keçir?
- Ailəm Azərbaycanı çox bəyənir. Eyni xoş sözləri "Qarabağ” haqda da deyə bilərəm. Klubda komanda yoldaşlarım, baş məşqçi məni isti qarşıladı. Mən də öz növbədəm çalışacam ki, komandama kömək edim.
- "Qarabağ” "Çelsi”yə 0:6 uduzsa da hamı sənin oyunundan danışır. Özün bu haqda nə deyə bilərsən?
- Deməzdim ki, bütün düşüncələrim həmin oyuna yönəlmişdi. Oyundan oyuna fərq var. Elə oyun var ki, bir futbolçunun oyunu yaxşı alınır, elə oyun var ki, digərinin. Oal bilsin həmin gün mənim oyunum daha yaxşı alındı. Amma ümumilikdə komanda olaraq, "Çelsi”yə qarşı yaxşı oynamadıq. Mənim üçün də önəmli olan şəxsi yox, komandanın oyunudur.
- "Roma” ilə oyundan nə gözləyirsən?
- Mən bura ancaq Çempionlar Liqasının oyunlarını oynamağa gəlməmişəm. Hələ qarşıda çempionat oyunumuz var və diqqətimizi ora yönəltmişik. Əvvəlcə həmin oyunu düşünürük. Ondan sonra "Roma” ilə oyun haqda danışarıq.
- Son məlumata görə, "Roma” ilə oyuna satılan biletlərin sayı 40 mini keçib. Bu, komanda üçün əlavə motivasiya sayıla bilər?
- Əlbəttə, təsiri olacaq. Mən də bu haqda dünən oxudum və bütün komanda olaraq, çalışacağıq ki, bizə olan bu etimadı doğruldaq.
- "Qarabağ”da icarə əsasında oynayırsan. Başqa bir klubdan təklif alsan hansı qərarı verərsən?
- Bu haqda danışmaq çox tezdir. Hələ "Qarabağ”la 1 illik müqaviləm var. Sonra bu məsələyə baxarıq.