Sportnet.az AFFA yanında Media Komitəsinin qalib elan etdiyi "Azərbaycan Premyer Liqası klublarında fəaliyyət göstərən kadrlar və onların hazırlanması" layihəsinin icrasını davam etdirir. Onuncu yazının mövzusu təhlükəsizlik xidmətinin rəisləri, mühafizəçilər və azarkeşlərlərlə əlaqələndirici şəxslərdir.
Təhlükəsizlik xidmətinin rəisləri və mühafizəçilərdən söz düşəndə, daha çox Azərbaycan futbolundakı qalmaqallar xatırlanır. Təəssüf ki, yaxın keçmişdə bəzi qoluzorluların özlərini qoçu kimi aparması böyük fəsadlara yol açıb.
Buna misal olaraq, "Neftçi” mühafizəçilərinin 2011-ci ildə Azərbaycan Premyer Liqasının VI turunda "Bakı” ilə ev oyunu zamanı qonaqların futbolçusu Elvin Əliyevi, 2013-cü ildə ölkə kubokunun finalında "Xəzər Lənkəran”ın futbolçu və azarkeşlərini döyməsini göstərmək olar. "İnter”in mühafizəçilərinin "Xəzər Lənkəran”ın fəxri-prezidenti Mübariz Mənsimovu tanımadıqlarından, VİP loja buraxmadıqları üçün baş verən xoşagəlməz olay, o cümlədən "ağ-yaşıllar”ın nümayəndələrinin Lənkəranda jurnalistlərə qarşı zor tətbiq etmək cəhdi də xatırlananlar arasındadır.
Mühafizəçilərlə bağlı qalmaqallar olub, bundan sonra da olacaq. Elə indi də bəzi matçlarda onların istər rəqib komanda rəsmilərinə, istər jurnalistlərə, istərsə də azarkeşlərə qarşı kobud davranışının şahidi oluruq. Bu cür nöqsanları tam aradan qaldırmaq mümkün olmasa da, "dozasını azaltmaq” klub rəhbərliyinin görəcəyi işdir. Bunun üçün sadəcə, düzgün şəxsləri işə götürmək lazımdır.
Təhlükəsizlik xidmətinin rəisinin vəzifələri bunlardır:
- Klub azarkeşlərini səfər oyunları zamanı müşayiət etmək;
- Polis və digər hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlıq etmək;
- Digər klubların təhlükəsizlik xidmətinin rəisləri ilə əməkdaşlıq etmək;
- Klubun azarkeşlərlə əlaqələndirici şəxsi ilə sıx əməkdaşlıq etmək;
- Fan-klublarla əlaqə yaratmaq;
- Bilet satışı üzrə mütəxəssislə əməkdaşlıq etmək;
- Stadiona cavabdeh olan şəxslə əməkdaşlıq etmək;
- FHN Dövlət Yanğından Mühafizə Xidməti və Təcili Təxirəsalınmaz Tibbi Yardım orqanları ilə sıx əməkdaşlıq etmək;
- Daxili yarışlar və UEFA yarışları zamanı bütün təhlükəsizlik qaydalarına riayət etmək;
- Təhlükəli və problematik azarkeşlərin siyahısını tərtib etmək;
- Stadion infrastrukturunun UEFA və FİFA təhlükəsizlik qaydalarına cavab verdiyinə nəzarət etmək;
- Ölkədaxili və Beynəlxalq Təhlükəsizlik qaydaları mövzusunda keçirilən seminarlarda iştirak etmək;
- Stadionun nəzarət otağından istifadə edərək bütün zəruri texniki avadanlıqların (təhlükəsizlik kameralarının, turniketlərin və s.) işlək vəziyyətdə olmasına nəzarət etmək;
- Stadionun təxliyyə planı ilə tanış olmaq;
- Zəruri hallarda azarkeşlərin evakuasiya olunmalarını, onlara tibbi yardımın göstərilməsinə nəzərət etmək;
- Azarkeşlər tərəfindən stadiondan istifadə qaydalarına riayyət olunmasına nəzarət etmək;
- Mühafizəçilərin (stüardların) işinə nəzarət etmək;
- Azarkeşlərin və qonaq komandanın azarkeşlərinin tribunalarda yerləşmələrinə nəzarət etmək;
- Stadiona qadağan olunmuş vasitələrin keçirilməsinin qarşısını almaq və s.
- Oyundan öncə təhlükəsizlik tədbirlərinin təhlükəsizlik xidmətinin rəisi ilə birgə həyata keçirilməsi;
- Təhlükəsizlik tədbirlərində iştirak edən hər kəs üçün brifinq təşkil etməsi;
- Nöqsan və çatışmamazlıqlar barəsində təhlükəsizlik xidmətinin rəisini xəbardar etməsi;
- İşçilərin və azarkeşlərin stadiona daxil olacağı bütün giriş və çixışlara nəzarət etməsi;
- Azarkeş kütləsinə və zəruri hallarda insanların stadiondan təhlükəsiz qaydada təxliyyə olunmasına nəzarət etməsi;
- Hadisələr zamanı təhlükəsizlik xidmətinin rəisi tərəfindən verilən təlimatlara uyğun olaraq hərəkət etməsi;
- İxtisaslı həkimin gəlişinə qədər ilk tibbi yardımın göstərilməsi;
- Hüquq-mühafizə orqanlarına zəruri köməyin göstərilməsi və s.
***
Azarkeşlərlə əlaqələndirici şəxs işə klub tərəfindən ştat cədvəlinə əsasən qəbul edilməlidir. Hər hansı səbəbdən ştata qəbul mümkün olmasa, həmin şəxs klub rəhbərliyinə hesabat verir və onun tapşırıqlarını yerinə yetirir, vəzifə və hüquqları vəzifə bölgüsündə qeyd edilir. Əlaqələndirici klub rəhbərliyinə müntəzəm olaraq hesabatlar verməli, klub isə onun haqqında ölkənin əmək qanunvericiliyinin tələblərinə əməl etməlidir.
Azarkeşlərlə əlaqələndirici şəxs vəzifəsi ilə bağlı daha ətraflı bilgini AFFA-nın Lisenziyalaşdırma Qrupu tərəfindən hazırlanmış məlumat kitabçasından əldə etmək mümkündür.
Azarkeşlərlə işləmək üçün kadrların seçilməsi
Azarkeşlərlə əlaqələndirici şəxsi seçmək klub rəhbərliyinin səlahiyyətinə daxildir. Bu vəzifəyə uyğun namizəd tapmaq elə də asan iş deyil. Onun bütün sahələrini istənilən azarkeş icra edə bilməz. Bu işdə əsas məqsəd ondan ibarətdir ki, azarkeşlərlə əlaqələndirici şəxs təkcə azarkeşlər qrupu ilə deyil, eyni zamanda onların nümayəndələri, ictimai asayiş və ictimai təhlükəsizlik qaydalarının qorunmasına cavabdeh şəxslər ilə də işləmək bacarığına malik olsun.
Azarkeşlərlə əlaqələndirici şəxsin klubda tam ştatda işləməsi məqsədəuyğundur. Klublarda iş həcminin çoxluğu səbəbindən bəzən elə olur ki, azarkeşlərlə əlaqələndirici şəxs vəzifəsində bir neçə əməkdaş çalışır. Klubda maliyyə imkanları baxımından bu vəzifədə çalışan əməkdaşın tam ştatda işləməsi mümkün deyilsə, o zaman natamam iş günü rejimində çalışmaq imkanını nəzərdən keçirmək olar və ya həmin əməkdaşın klubda digər vəzifə aparması mümkündür.
Kiçik klublarda ilkin mərhələlərdə bu vəzifədə könüllü insanlar da çalışa bilər. Bu zaman həmin əməkdaşın səfər oyunlarına getmək xərcləri, telefon danışıq haqqı və s. kimi xərcləri mütləq şəkildə ödənilməlidir. Həmçinin, azarkeşlərlə əlaqələndirici şəxsin klubdakı fəaliyyəti üçün liqa, federasiya və ya digər təşkilat, o cümlədən sponsorlar tərəfindən tam və ya qismən ödəniş edilməsinə icazə verilir. Əlaqələndirici şəxs vəzifəsinə azarkeşlərdən birini cəlb etmək mümkün deyilsə, o zaman klubda çalışan əməkdaşlardan biri bu posta təyin edilməlidir. Bu halda çox vacibdir ki, həmin əməkdaş azarkeşləri çox yaxşı anlasın, oyunlar zamanı onlarla bərabər səfər etsin və azarkeşlərin tribunasında onları müşayiət etsin.
Azarkeşlərlə əlaqələndirici şəxs vəzifəsinə azarkeşlərin içərisindən olmayan birini təyin etmək məsləhət görülmür, çünki bu halda görülən iş səmərəsiz olacaq və normal dialoq mümkün olmayacaq.
Azarkeşlərlə əlaqələndirici şəxs vəzifəsinə namizəd əməkdaş üçün tələb olan keyfiyyətlər bunlardır:
- Ali təhsil;
- Elementar ingilis dili (beynəlxalq oyunlar üçün);
- Müasir kompüter bilikləri;
- Azarkeşlər qrupu ilə əlaqələr qurmaq və ünsiyyət bacarığı;
- Siyasi bitərəflik;
- İrqi ayrı-seçkilik və zorakılıqla mübarizə kimi əsas dəyərlərə meylli şəxsi keyfiyyətlər;
- İnsanlarla ünsiyyət qurmaq və mübahisələri həll etmək bacarığı;
- Komandada işləmək bacarığı;
- Yenilikləri öyrənməyə hazır olmaq bacarığı;
- Yüksək səviyyədə məsuliyyət, motivasiya, etibarliliq və çeviklik;
- İnsanların qarşısında çıxış etmək bacarığı;
- Danışıqlar aparmaq və məqsədə çatmaq bacarığı;
- Müvafiq həyat təcrübəsi və azarkeşlərlə ünsiyyət yaratmaq bacarığı, klub azarkeşləri ilə yaxından tanışlıq;
- İş qafikində çeviklik, qeyri-iş günlərində işləmək ehtimalı;
- Baş verən hadisələrə peşəkar yanaşma;
- Gərgin və münaqişəli situasiyalarda sakit, sülhsevər, sağlam düşüncəli və peşəkar rəftar.
Tələb və tövsiyyələr
Azarkeşlərlə əlaqələndirici şəxs - klubda azarkeşlərlə iş aparan əsas əlaqələndirici şəxs olmalıdır. O, informasiya mübadiləsi, ünsiyyət, klub və azarkeşlər arasında dialoq aparmaq işlərinə cavabdehdir. Həmçinin, müxtəlif azarkeş qrupları, futbol assosiasiyaları, liqalar, hüquq-mühafizə orqanları və s. ilə ünsiyyət yaradaraq, onunla qarşılıqlı münasibətlər qurmalı, azarkeşlərin etibarını qazanmalı, bunun üçün də ünsiyyət təcrübəsinə malik olmalı və faəl azarkeşlər qrupu ilə tanışlığı olmalıdır. Bu vəzifəni tutan şəxs rəy və fikirləri toplayır, layihənin inkişafına nəzarət edir və onun nəticələrini qiymətləndirir.
Əlaqələndirici klubun maraqlarını təmsil edərkən azarkeşlər ordusu bazasının saxlanılması və genişləndirilməsinə, ev və səfər oyunları zamanı stadionlarda azarkeşlərin sayının çoxalmasına çalışmalıdır. O, bütün mərhələlərdə aktiv şəkildə klubun fəaliyyətinə azarkeşləri cəlb etməlidir. İlkin mərhələlərdə azarkeşlər, hüquq-mühafizə, asayiş orqanları ilə əməkdaşlıq etməli, beləliklə də o, polis, hüquq-mühafizə orqanları ilə münasibətdə və ya əksinə azarkeşlərin maraqlarını təmsil etməlidir.
Qeyri-oyun günü azarkeşlərlə əlaqələndirici şəxs fanatları klublarda baş verən son xəbərlər haqqında məlumatlandırmalı, onların istək və arzularını dinləmək üçün görüşlər keçirməli, klub nümayəndələri (oyunçular, məşqçilər, idarə heyətinin üzvləri, əməkdaşlar, stadion rəhbərliyi və başqaları), digər təşkilatlar (polis, mühafizə xidməti, ictimai nəqliyyat, yerli icra orqanları), müxtəlif tərəflər ilə azarkeşlər arasında görüşlərin keçirilməsi üçün təşəbbüs göstərməlidir. O, azarkeşlər üçün müxtəlif tədbirlər (futbol turnirləri, əyləncə xarakterli toplantılar və s.) keçirməli, fanatlar üçün forumlarda və sosial şəbəkələrdə olan müzakirələrdə iştirak etməlidir. Mətbuat nümayəndələri ilə ünsiyyətdə olmaq, azarkeşlərlə iş üzrə məsələlərdə hadisələri obyektiv işiqlandırmaq da onun vəzifələrinə daxildir.
Digər klubun azarkeşlərlə əlaqələndirici şəxsi ilə oyundan əvvəl əlaqə yaratmalı, məlumat mübadiləsi, mümkün münaqişələri önləməli, son qoymağa çalışmalıdır. Həmçinin, oyun günü azarkeşlər arasında olmaq, müsbət atmosfer yaratmağa cəhd etmək və neqativ meyllərə təzahürlərin qarşısını alması lazımdır.
Klublar azarkeşlərlə əlaqələndirici şəxsi təyin etməli, onu klubların lisenzialaşdırılması orqanı tərəfindən təşkil olunan müvafiq kurslara yazdırmalı, zəruri resurslarla (iş otağı, avadanlıq, akkreditasiya və s.) təmin etməlidir. Eləcə də, rəhbərlik əlaqələndirici və müxtəlif azarkeş qrupları arasında mütəmadi görüşlər keçirməlidir. Həmçinin azarkeşlərlə əlaqələndirici şəxsə illik büdcə ayırmaq da klubun öhdəliyidir.
Əlaqələndiricinin vəzifələri
Əlaqələndiricinin gündəlik fəaliyyətinə məktub və sorğulara cavab vermək, telefon və internet vasitəsilə müzakirələr aparmaq, sosial şəbəkələrdə olan forum və qrupları izləmək, diskussiyalarda iştirak etmək, KİV-i izləmək daxildir.
Ümumiyyətlə, bu vəzifəni tutan şəxsin əsas vəzifələri bunlardır:
- Oyunçular və məşqçilərin iştirakı ilə tədbirlər;
- Azarkeşlər üçün sual və cavab seansları;
- Futbol yarışlarına getmək;
- Azarkeşlər üçün səfərlərin təşkil olunması (lazım gələrsə);
- Digər klublardan olan azarkeşlərlə əlaqələndirici şəxslərlə əlaqələrin qurulması;
- Yerli və milli azarkeş təşkilatları ilə təlimlər, informasiya və təcrübə mübadiləsi;
- Azarkeşlərlə əlaqələndirici şəxslər üçün federasiya və ya liqa, həmçinin azarkeşlərlə əlaqələndirici şəxslərin özləri tərəfindən təşkil olunan görüşlərdə mütləq iştirak (belə görüşlərin il ərzində bir neçə dəfə keçirilməsi məqsədəuyğun olardı);
- Azarkeşlər mövzusunda keçirilən konfrans və tədbirlərdə iştirak;
- Təhlükəsizliklə bağlı təşkil olunan iclaslarda iştirak;
- Federasiya ilə əlaqələrin qorunub saxlanılması;
- Federasiya və liqa tərəfindən təşkil olunan semininlar və kurslarda iştirak;
- Hesabatların hazırlanması;
- Nəqliyyat, nəqliyyat vasitələrinin istiqamətləri və marşrutları haqda məlumat;
- Ev sahibi olan ölkənin adət-ənənələri və qadağaları, ev sahibi komanda haqda məlumat;
- Hüquq-mühafizə orqanları və mühafizəçilərlə əlaqələr;
- Avrokuboklara səfər oyunları öncəsi ev sahibi komanda tərəfindən qonaq komandanın ana dilində və ya ingilis dilində danışa bilən bir şəxs ayırmaq;
- Azarkeşlərin stadion girişinə və çıxışına nəzarət etmək;
- Marketinq şöbəsi və ya stadionun müdiriyyəti ilə əlaqə;
- Stadionun mühafizə xidməti ilə banerlərin və performansın razılaşdırılması.
Şamo QULİYEV
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir