Sportnet.az AFFA yanında Media Komitəsinin qalib elan etdiyi "Azərbaycan Premyer Liqası klublarında fəaliyyət göstərən kadrlar və onların hazırlanması" layihəsinin icrasını başa çatdırır. Sonuncu – on ikinci yazıda hüquqşünaslardan bəhs edəcəyik.
Azərbaycan vətəndaşları hansısa məsələdən ötrü vəkil tutmağa ehtiyac görmədiyi kimi, Premyer Liqa klubları da hüquqşunas xidmətindən yararlanmağa meylli deyillər. Daha doğrusu, lazım gəldikdə kənar hüquq məsləhəti xidmətlərinə müraciət etməyi üstün tuturlar. Təsadüfi deyil ki, hazırda 8 elita təmsilçisindən yalnız 3-də hüquqşunas ştatı var. Vüsal Həsənov "Qarabağ”da, Eldəniz Ağayev "Sumqayıt”da, Gülnarə Adıgözəlova isə "Neftçi”də bu postu tutur.
Düzdür, klublarda hüquqşünasların görməli olduğu bəzi məsələlər var. Xüsusilə də müqavilələrin hazırlanıb, imzalanmasında onların iştirakı önəmlidir. Lakin klublar bəlli bir şablondan yararlanmağı daha doğru sayırlar. Hesab edirlər ki, bu cür işlər üçün əlavə hüquqşünas ştatı açmağa, maaş ödəməyə gərək yoxdur.
Azərbaycan klubları əsasən əcnəbi məşqçi və futbolçularının FİFA-ya şikayəti əsasında məhkəməlik olublar. Burada da bir məqam özünü biruzə verir – borclarını ödəməyən klublar böyük səhnədən çəkilirlər – "Bakı”, "Xəzər Lənkəran” və ya "Rəvan” kimi. Yəni, hansısa məhkəmə çəkişməsinə də ehtiyac qalmır. Yaxud da borclardan yaxa qurtarmaq, məhkəmədən yayınmaq üçün "Turan T”yə çevirilən "Turan” misalı da var.
Yeri gəlmişkən, Azərbaycan klublarından yalnız biri - "Xəzər Lənkəran” silinən xallarını bərpa etməklə tarixə düşüb. FİFA 2012-ci ildə sabiq futbolçusu Romulo Silvanoya borc məbləğinə görə faizin vaxtında ödənilməməsini əsas gətirərək, Lənkəran təmsilçisinin hesabından 6 xalın silinməsinə dair qərar çıxarıb. Lakin "ağ-yaşıllar”ın apellyasiya şikayətindən sonra ali futbol qurumu həmin qərarını dəyişməyə məcbur olub.
Azərbaycanda futbol sektorunda fəaliyyət göstərən hüquqşünaslardan danışırıqsa, burada ilk ağıla gələn şəxs Rəmiş Malıyevdir. 2008-ci il iyulun 1-dən AFFA-da hüquqşünas kimi fəaliyyətə başlayıb, yaxınlara qədər AFFA-nın Hüquq və Kadr şöbəsinin müdiri vəzifəsində çalışan, hazırda isə "İnter”in icraçı direktoru olan təcrübəli mütəxəssislə söhbət zamanı klublarda hüquqşünas ştatının əhəmiyyətindən danışdıq:
- Azərbaycan klubları hüquqşünas ştatı yaratmağa üstünlük verirlər, yoxsa bu sahədə fəaliyyət göstərən şirkətlərin xidmətlərindən yararlanırlar?
- Çox az sayda klubda hüquqşünas ştatı var. Məsələn, əvvələr "İnter" hüquq şirkəti ilə əməkdaşlıq etsə də, sonra ştatına işçi götürmüşdü. Lakin məlum məsələlərdən sonra həmin ştat ixtisar olundu. Hazırda belə bir vəzifə yoxdur. Bildiyim qədər, "Sumqayıt" və "Neftçi"də hüquqşünas ştatı qalır. Ümumilkdə götürsək, Azərbaycan klubları bu ştatı saxlamağa meylli deyillər. Bu isə yaxşı hal deyil. Hər bir klubda hüquqşünas ştatı olmalıdır.
- Hüquqşünas olmadan müqavilələrin bağlanması, müxtəlif sənədlərin hazırlanması nə dərəcədə doğrudur?
- Bu işləri, adətən, konveyer üsulu ilə edirlər. Düzdür, futbol sahəsində özəlliklər çoxdur, lakin bu işləri hüquqşünas görməlidir.
- Klubda çalışan hüquqşünasın vəzifələri hansılardır?
- Cari sənədləşmə işləri, futbolçu və ya podratçılarla müqavilələrin bağlanması, işçilərlə sözləşmələrin imzalanması və s. Həmçinin, hansısa mübahisəli məsələ yarandıqda klubun mövqeyini müdafiə etməlidir.
- Hüquqşünas ixtisasına malik olan şəxs futbol sektorunda çalışmaq üçün əlavə nə etməlidir? Yəni, bunun üçün xüsusi kurs və ya vəsaitlər varmı?
- Bu sahə ilə bağlı ədəbiyyat var. İstənilən hüquqşünas normativ sənədlərlə tanış olub və təcrübə qazanaraq bu sahədə işləyə bilər. Bura bir az fərqli sahədir. Məsələn, futbolçunun hansısa məsələdə günahı olsa belə, müvafiq qurumlar klubları deyil, daha çox onları müdafiə edirlər.
- AFFA-da çalışdığınız müddətdə Azərbaycan klublarından hansınınsa hüquqşünaslarının köməyi ilə qalib gəldikləri məhkəmə işlərini xatırlayırsınız?
- Bu cür məsələlərdə klublarımız daha çox kənar - xarici hüquq xidmətlərindən istifadə edirlər. Bizim özümüz də ehtiyac yarandıqda həmin şirkətlərdən məsləhət alırıq. Azərbaycan klublarının FİFA-ya şikayət edən futbolçularına qalib gəlməsi halı çox az olub. "Xəzər Lənkəran"da Romulo, "İnter"də Makovski qardaşları yadıma gəlir. Bu məsələləri izləmədiyimiz üçün hamısını xatırlamıram. Yalnız ümumi məlumatımız olur.
- "İnter"də yenidən hüquqşünas ştatı açmağa ehtiyac görürsünüz, yoxsa bu məsələni elə özünüz həll edəcəksiniz?
- Bəli, yarımştat da olsa, götürəcəyik. Çünki özüm hüquqşünas olsam da, cari işlərim çoxdur. Bu məsələlərlə məşğul olmağa vaxtım olmur. Yalnız nəzarət edə bilərəm. Hüquqşünas ştatı mütləq olmalıdır. Bu, yaxın vaxtlarda həllin tapacaq. Düzdür, klubların maddi durumu elə də yaxşı deyil. Lakin hüquqşünasın işləri ilə bu sahədə müvafiq ali təhsili olan şəxs məşğul olmalıdır.
- Azərbaycanda futbol sektorunda fəaliyyət göstərən hüquqşünaslardan danışanda ilk ağıla gələn siz olursunuz. Bəs, media və ictimaiyyətdə tanınmayan, lakin futbol sektorunda çalışan həmkarınız varmı?
- Sırf hüquqşünas ixtisasına malik olanları tanımıram. Bu işlərlə daha çox futbol agentləri məşğul olurlar. Bir az məhdud sahə oluğu üçün hüquqşünaslar futbol sektoruna meylli olmurlar.
Şamo QULİYEV
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir