"Bu matçın rahat oyun olmayacağını bilirdik. Bu birinci hissədən görsənirdi. Həmin hissədə qol olmadı. İkinci hissədə toparlanıb hücumların kəsərini artırdıq. Bunun nəticəsində 3 qol vura bildik. Sevinirəm ki, mərhələni keçən tərəf biz olduq. "Sabah” komandasına uğurlar arzulayıram. Növbəti oyunumuz "Kəpəz”ə qarşıdır. Fikrimizi həmin matça yönəldəcəyik."
Sportnet.az-ın məlumatına görə bu sözləri "Sumqayıt" klubunun futbolçusu Vüqar Bəybalayev Azərbaycan kubokunda "Sabah"ı 3:0 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.
- Ötən mövsüm "Kəpəz”də çıxış etmisən. Həmin komanda əvvəlki illərə nisbətən yaxşı çıxış etmir. Şahin Diniyev də istefa verdi. Son turda da 1:6 hesabı ilə məğlub olublar. Bununla bağlı nə deyə bilərsən?
- "Kəpəz”in yaxşı kollektivi var. Keçən il mən orda olmuşam. "Kəpəz”ə də uğurlar arzulayıram. Onlara qarşı oynamaq asan olmayacaq. Baxmayaraq ki, "Qəbələ”yə 1:6 hesabı ilə məğlub olublar. Onlar doğma meydanda təhlükəli rəqibdir. Heç vaxt asan rəqib olmayıb. O kluba böyük hörmətim var, ancaq biz meydana 3 xal üçün çıxacağıq.
- Sabiq komandana qarşı oynayacaqsan. Ordakı atmosferdən yəqin ki, xəbərin var?
- Əlbəttə ki, xəbərim var. Gəncə səfəri rəqiblər üçün qorxulu yuxu kimidir. Oranın azarkeşləri möhtəşəmdir. Öz hədəfimiz var. 3 xalı qazanmaq üçün əlimizdən gələni edəcəyik.