Vüqar MƏMMƏDOV
Bəziləri deyir ki, bizim millətdən futbolçu çıxmaz. Bu sözlərin boş şey olduğunun sübutu üçün sadə bir misal göstərəcəyəm: Ramil Şeydayev! Normal futbolçudur. Onun bizim yox, rus futbolunun yetirməsi olması isə başqa mövzudur.
Deyə bilərsiniz ki, anası rusdur, o yana çəkib. Gəlin belə danışaq: atası 20 il əvvəl həmin o rus xanımı özü ilə gətirib Kürdəmirdə yaşasaydı, bu gün Ramil Şeydayev adında bir futbolçu olardımı? Məncə, bu suala cavab yazmağa heç ehtiyac da yoxdur. Deməli, problem millətdə deyil. Problem futbolçunu düzgün istiqamətdə aparmalı olan məşqçi-müəllimdədir.
Bəs məşqçi necə olmalıdır? Bu sualin cavabı üçün cildlərlə kitab yazmaq olar. Mən bir misal da göstərəcəyəm, hansı ki, bu, məşqçilik işinin o qədər də sadə olmadığını göstərir.
İş elə gətirib ki, dəfələrlə məşqçiliyə aid kurslarda, seminarlarda iştirak etmişəm. Sonuncu belə kursda bir epizod yaşandı: Kursun birinci günü bizə dərs deyən müəllim danışılacaq mövzuları seçməyi iştirakçılara, yəni bizə təklif etdi. Müxtəlif mövzular verildi. İştirakçı məşqçilərdən biri də belə bir mövzu verdi: "Distsiplina”. Yəni, nizam-intizam.
Bu mövzu barədə danışılanda bizə kurs keçən müəllimin sözlərindən belə başa düşüldü ki, komandada məşqçi nizam-intizamı çox da ciddi şəkildə tələb etməli deyil. Uşağı "yontalayıb” nizam-intizama oturdanda o, köləyə çevrilir. Kölədən isə böyük işlər gözləməyə dəyməz.
Bu sözlər, yəqin ki, kursda iştirak edən məşqçilərin əksəriyyəti üçün gözlənilməz oldu, əsl soyuq duş effekti yaratdı. Anadolu türkləri demişkən "Yahu, bu, nə konuşuyor?!” Biz elə düşünürdük ki, harada dəmir nizam-intizam varsa, orda da uğur var. O isə əksini deyirdi.
Lakin biz kurs müəlliminin nizam intizam haqqında dediyi fikirlərini dərindən analiz etdikdə görürük ki, sözləri həqiqətdir. İstedadlı şəxs, adətən, mürəkkəb xasiyyətdə olur. Sən onu nizam-intizama "oturtsan”, ya məşqlərə gəlməyəcək, ya da müəyyən oyun keyfiyyətlərini itirəcək. İstənilən halda onun istedadı formalaşmayacaq.
Aleks Ferqyusonun aqressiv oyunçular barədə fikirləri ilə tanış olaq: "Mənim bir oyunçumu bir neçə dəfə meydandan qovublar. Hətta məşqlərdə də onun şansı olan kimi kiməsə nəsə tullayır. Mən ona bu hərəkətini tərgitməyə məcbur edə bilərəmmi? Yox. İstəyirəmmi ki, o bu hərəkətini tərgitsin? Yox. Bu agresivliyindən əl çəksə, artıq özü ölmayacaq. Onda belə bir çatışmazlığın varlığını və bu çatışmazlığın onun istedadı ilə kompensasiya olunduğunu qəbul etmək lazımdır.
Biz futbolçunu öyrədərkən, təkcə topla oynamasına yox, şəxsiyyət kim formalaşmasına çalışmalıyıq. Əksər hallarda müəllimə diqqətlə qulaq asıb təkcə "bəli-oldu” deyən yox, hansısa fikirdə onunla razılaşmayıb etiraz edən, öz mövqeyini, münasibətini bildirən uşaqlar oyunda da öz fərdi keyfiyyətlərini ortaya qoyub nəticəni dəyişə bilirlər. Məhz belə uşaqları diqqətdə saxlayıb onları qırmadan formalaşdırmalısan. Əlbəttə, bu asan deyil, çünki hər dəfə sənə etiraz edən, öz mövqeyini bildirən uşağı dinləməli, onun nazı ilə oynamalısan. Üstəlik, sənə etiraz edən uşağa bu cür dəyər verməyin digər uşaqlar tərəfindən başa düşülməz və komandada əməlli-başlı özbaşınalıq baş alıb gedər. Sən burada qızıl ortanı tapmalısan.
Təbii ki, çətindir. Və çətin də olmalıdır. Çünki sən kölə deyil, şəxsiyyət yetişdirirsən!
Ulduz isə şəxsiyyətdən çıxır!