Azərbaycan milli komandasının sabiq futbolçusu Amit Quluzadə karyerasını yenidən Yunanıstanda davam etdirəcək.
Sportnet.az Yunanıstan mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi I Divizionda çıxış edən "Aiginiakos”la razılıq əldə edib.
Quluzadənin Pieriya təmsilçisinə yanvarın 7-də X tur çərçivəsində "Sparta” ilə səfər matçından sonra qoşulacağı bildirilir. Onun yeni komandası hazırda 11 xalla 13-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, Amit Quluzadə 2017-cü ildə Yunanıstanın AEL klubunda çıxış edib. O, cari mövsümün ilk yarısını "Səbail”də keçirib və qış fasiləsində komandadan göndərilib. Orta sahə oyunçusu karyerası ərzində "Neftçi”, "Sumqayıt”, "Qəbələ”, "Rəvan”, eləcə də Türkiyənin "Kayseri Erciyesspor” və Portuqaliyanın "Atletiko” klublarının da formasını geyinib.