İngiltərə Premyer Liqasının 23-cü turunda "Liverpul" klubu turnir cədvəlinin lideri "Mançester Siti" ilə qarşılaşıb.
Sportnet.az-ın məlumatına görə, turun mərkəzi oyunu möhtəşəmliyi ilə seçilib. Görüş meydan sahiblərinin 4:3 hesablı qələbəsi ilə başa çatıb. Matçda ilk qolu "Liverpul"un heyətində Aleks Oksleyd-Çemberlen 9-cu dəqiqədə vurub.
Qonaqların cavabı birinci hissənin sonlarında gəlib. Leroy Sane 40-cı dəqiqədə bərabərlik qolunu vurub. 59-cu dəqiqədə Roberto Firmino komandasını hesabda önə keçirib.
Meydan sahiblərinin heyətində 61-ci dəqiqədə Sadio Mane və 68 -ci dəqiqədə isə Muhammed Salah fərqlənib. "Manşester Siti"nin heyətində Bernardo Silva 84-cü dəqiqədə fərqi azaldıb. Matça əlavə olunmuş dəqiqələrdə isə İlkay Gündoğan son qolu vurub.
Qeyd edək ki, bu qələbədən sonra "Liverpul" 47 xalla 3-cü pillədə qərarlaşıb. 62 xalla lider olan "Mançester Siti" ilk məğlubiyyətini alıb.









































































